Prezident İlham Əliyev aprelin 18-də Latviya Respublikasının daxili işlər naziri xanım Linda Murniesenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Ölkə başçısı latviyalı nazirin ölkəmizə səfər proqramının kifayət qədər geniş olduğunu vurğulayaraq bu səfərin uğurlu olacağına əminliyini ifadə edib. Riqaya səfərindən sonra Latviyadan Azərbaycana ilk dəfə belə yüksək səviyyəli nümayəndə heyətinin gəlməsinin önəmini qeyd edən prezident ölkələrimiz arasında münasibətlərin inkişaf dinamikasının davam etməsindən və genişlənməsindən məmnunluğunu bildirib.
Riqada latviyalı həmkarı ilə əldə olunan razılaşmaya uyğun olaraq əlaqələrimizin bütün istiqamətlərdə inkişaf etdirilməsinin zəruriliyini bildirən İlham Əliyev xanım Linda Murniesenin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin genişlənməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Görüş zamanı Linda Murniese Latviya prezidenti Valdis Zatlersin salamlarını dövlətimizin başçısına çatdıraraq prezident İlham Əliyevin Riqaya səfərini və dövlətimizin başçısı ilə keçirdiyi əvvəlki bütün görüşləri məmnunluqla xatırladığını vurğulayıb. Latviyalı nazir ölkəmizə səfəri zamanı keçirəcəyi görüşlərin əlaqələrimizin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli olacağına əminliyini bildirib.
Dövlət başçısı Latviya Respublikasının prezidenti Valdis Zatlersin salamlarına görə minnətdarlığını bildirərək, onun da salamlarını Latviya dövlətinin başçısına çatdırmağı xahiş edib.
Modern.az