Bu gün Azərbaycanda səfərə gələn Rumıniya prezidenti Trayan Beseskunun rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verib. (AzərTAc).
Prezident İlham Əliyev Rumıniya Prezidenti Trayan Beseskunu qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Rumıniya prezidentinə raport verib. Rumıniya və Azərbaycanın dövlət himnləri səslənib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Rumıniya prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Trayan Beseskuya, Rumıniya nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Dövlət başçıları rəsmi foto çəkiblər.
Qarşılanma mərasimindən sonra prezident İlham Əliyev və Rumıniya prezidenti Trayan Beseskunun təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika və humanitar sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub. Dövlət başçıları ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildiriblər.
Prezidentlər ikitərəfli, regional və beynəlxalq məsələlər barədə də fikir mübadiləsi aparıblar.
Modern.az