Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə rəsmi səfərdə olan Latviya Respublikasının daxili işlər naziri xanım Linda Murniesenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə FHN-nin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı nazir K.Heydərov Azərbaycanın son illərdə sosial-iqtisadi həyatın bütün sferalarında əldə etdiyi nailiyyətlərdən danışıb, habelə nazirliyin strukturu və fəaliyyəti barədə qonağa ətraflı məlumat verib.
Latviyalı nazir də öz növbəsində, Azərbaycanla Latviya arasında dostluq və əməkdaşlıq münasibətlərinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini qeyd edərək iki ölkənin fövqəladə halların idarə olunması sahəsində müvafiq qurumları arasındakı mövcud əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini bildirib.
Görüş zamanı, həmçinin, 17 yanvar 2011-ci il tarixində Riqa şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş"in müddəalarının yerinə yetirilməsi ilə bağlı müzakirələr aparılıb.
Səfər proqramına uyğun olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan bir sıra qurumların fəaliyyəti ilə də tanışlıq planlaşdırılır.
Modern.az