Modern.az

“Bizim dövrümüzdə tələbəlik...” - Biri Sovet Birliyindən, digəri müstəqillik illərindən DANIŞIR

“Bizim dövrümüzdə tələbəlik...” - Biri Sovet Birliyindən, digəri müstəqillik illərindən DANIŞIR

20 Aprel 2017, 15:35

Sızlar yada düşəndə
Ürəyimin telləri,
O mehriban, o əziz
Tələbəlik illəri...

Sözləri Cabir Novruza, musiqisi Telman Hacıyevə  məxsus  olan və Elmira Rəhimovanın ifasında eşitdiyimiz bu mahnı yəqin ki, əksəriyyətə bəllidir. Uzaqlara, bəlkə də elə yaxın keçmişə aparan misralar...

Hər kəsin tələbəlik illəri fərqli dövrlərə düşüb. Əslində bu dönəmi iki cür qiymətləndirə bilərik: Sovet dövrü və müstəqillik illərinin tələbələyi...

Sovet dönəminin tələbələrindən olan təhsil eksperti Etibar Əliyev Modern.az-la söhbəti zamanı  həmin dövrü nostalji hisslərlə xatırlayır. Bununla bərabər, problemlərin tələbəlik illərindən də yan keçmədiyini vurğulayır. Etibar Əliyevin tələbəlik illəri 1981-1986-cı illərə təsadüf edib.


“Bizim dövrümüzdə ciddi nizam-intizam var idi”

“Tələbə adı qazanmazdan öncə biz də imtahanlara girirdik. Lakin bizim təhsil aldığımız dövrdə  obyektivlik indiki səviyyədə olsaydı, xeyli istedadlı gənc ali məktəbə daxil ola bilərdi. Etiraf etmək lazımdır ki, bizim dövrlə müqayisədə indi təhsil kefiyyəti aşağıdır. Bu isə universitetdə normal müəllim-professor heyətinin tərkibi ilə sıx sürətdə bağlıdır. Sovet dövrünün müəllimləri çox istedadlı olub. Bizim dövrümüzdə  ciddi nizam-intizam var idi. O vaxt keçdiyimiz dərslər üçün ayrıca dəftərlər tuturduq. İndi buna rast gəlmək mümkün deyil. Tələbələrin əllərində maksimum bir dəftər görmək olur”.

Qaynar tələbəlik illəri...


Etibar Əliyev sovet dövrünün tələbələr üçün yaratdığı şəraitdən, yaşayış səviyyəsindən də danışıb:

“O vaxt institutların yataqxanaları vardı. Çox qaynar tələbəlik həyatı mövcud idi. Yataqxanaların həyətində futbol meydançaları, içərisində kitabxanalar yerləşirdi. Tələbələrin asudə vaxtı çox yaxşı təşkil olunurdu. Yataqxana həyatı tələbəlik illərinin tərkib hissəsidir və sosiallaşma üçün çox önəm daşıya biləcək bir məkandır. Təəssüflər olsun ki, indi yataqxanalar demək olar ki, yoxdur. Yaşayış səviyyəsi də pis deyildi. Valideynlərin övladlarına göndərdiyi pul, onların aldıqları təqaüd  geyimlərinə, yeməklərinə, ümumilikdə asudə vaxtın keçirilməsinə kifayət edirdi”.

“Pulsuz təhsil imkanları genişlənsə, həmin dövr xatırlanar”

Təhsil eksperti o vaxtkı tələbələr üçün yaradılan təhsil səviyyəsinin səmərəli olduğunu da qeyd edib:

“ Sovet dönəmində Boloniya sistemi yox idi. Kiminsə kəsri olanda narahatlıq keçirirdi. Hətta təhsil dövründə kəsri olanlar kəndə getmək istəmirdilər. Şəhərdə qalıb yenidən imtahana hazırlaşırdılar. İndi isə belə deyil. Kəsirlərin sayının çox olması tələbələrin universitetdən xaric olmasına gətirib çıxarmır və bu da tələbələrdə rahatlıq yaradır.
Ən önəmlisi sovet dövründə təhsil pulsuz idi. Tələbələrdən heç bir ödəniş tələb olunmurdu və onlar bu imkanlardan səmərəli istifadə edə bilirdilər. Mən hesab edirəm ki, indiki dövrdə bir qədər nizam-intizam qaydalarına riayət edilsə, təhsilin pulsuz imkanları genişlənsə, yataqxanalar bərpa olunsa, nisbətən həmin dövrü xatırladar”.


Ümid Partiyasının sədr müavini Ramin Hacılının
tələbəlik illəri isə müstəqillik dövrünə düşüb. O, 2002-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.

“Həmin vaxtlarda ölkəmizdə qızğın proseslər gedirdi...”

“Mən “Türk Dünyası İşlətmələr” fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə təhsil almışam. Maraqlı tələbəlik illərimiz olub. Həmin vaxtlarda ölkəmizdə qızğın proseslər gedirdi. Biz də burda iştirak edir və öz təşkilatımızı - “Dalğa Gənclər Hərəkatı”nı təsis etmişdik. Dekanımız Türkiyə vətəndaşı Ramazan Taşdurmaz çox bilgili və alicənab biri idi. Onun tələbələrlə olan münasibəti müəllimlərə sirayət etdiyindən yaxşı müəllim-tələbə münasibətləri  yaranmışdı. Müstəqillik illərinin tələbəlik dövründə hələ insanlar arasında iqtisadi uçurum, təbəqələşmə mövcud deyildi. Buna görə də yaşayış səviyyəsi orta idi”.

“Eksperiment təhsil sistemi tətbiq olunurdu...”


Ramin Hacılı təhsil aldığı dövrdəki problemlərdən də danışıb.

“Bizim dövrün  birinci problemi təhsil sistemində bu gün də davam edən rüşvət hadisələri idi. Biz bununla mübarizə aparırdıq. Fəxrlə deyə bilərəm  ki, nəinki mən, bizim qrupda heç kim rüşvət verməyib. Eyni zamanda həmin dövrdə ən ciddi problemlərdən biri universitet rəhbərliyinin özlərini professor yox, məmur kimi aparmaqları idi. Hələ gənc ölkə olduğumuz üçün  müxtəlif təhsil sistemlərini tətbiq edirdilər. Boloniya təhsil sisteminə keçid, həmçinin, sovet təhsil sistemindən imtina kimi hallar var idi və bu da tələbələrin ümumi  təhsil prosesinə mənfi təsir göstərirdi. Təsəvvür edin ki, bu semestr təhsil almağa başlayırsan, gələn semestr təhsil sistemi dəyişir. Belə proseslərə uyğunlaşmağa çalışmaq vaxt tələb edirdi. Təbii ki, gənc ölkə üçün belə problemlərin olması normaldır.  Amma bu prosesin uzun çəkməsi anormal haldır. Fikrimcə, biz də dünyanın qabaqcıl ölkələrinin təhsil praktikasını tətbiq etməyə başlamalıyıq”.

Günay Rəsulqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu