“Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi-1” çərçivəsində Şamaxı rayonunda sugötürücü qovşaq və baş su təchizatı qurğularının tikintisi başa çatmaq üzrədir.
Bu barədə Modern.az saytına “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, Dünya Bankının ayırdığı kredit hesabına həyata keçirilən layihəyə uyğun olaraq, Pirsaat çayının Şamaxı şəhəri yaxınlığından keçən hissəsinin sahilində tutumu 500 kub metr olan 2 anbar, xlorlama məntəqəsi, qovşağı sel sularından qorumaq üçün xüsusi bənd inşa olunub.
Çayın yatağından suyun anbara yığılması üçün üfüqi drenaj üsulu ilə 7 metr dərinlikdə 2100 metr uzunluğunda şüşə lifli (GRP) boru xətt çəkilib. Layihənin icrası Şamaxı şəhəri və Sabir qəsəbəsinin içməli suya olan tələbatını qarşıdakı 20 ildə tam ödəyəcək. Sugötürücü qovşaq və baş su təchizatı qurğularının tikintisi Şamaxı şəhərinin su təchizatı və kanalizasiya xidmətlərinin yenidənqurulması layihəsinin 1-ci mərhələsidir. 2-ci və 3-cü mərhələlərdə isə Şamaxı şəhərində 4 yeni su anbarı, şəhər supaylayıcı şəbəkə, kanalizasiya şəbəkəsi və çirkab su təmizləyici qurğu inşa olunacaq.
Qeyd edək ki, Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi-1” 14 şəhər və rayon mərkəzində su və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur.
Modern.az