Modern.az

Maliyyə Nazirliyi: "I rübdə sosial xərclərin maliyyələşdirilməsinə 1 milyard manat yönəldilib"

Maliyyə Nazirliyi: "I rübdə sosial xərclərin maliyyələşdirilməsinə 1 milyard manat yönəldilib"

19 Aprel 2011, 16:07

2011-ci ilin 1-ci rübündə dövlət büdcəsinin mədaxili 2768,4 mln. manat, xərcləri 2087,4 mln. manat olan,  681,0 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb. Maliyyə Nazirliyin mətbuat xidmətindən Modern.az saytına bildirilib ki, 2011-ci ilin 1-ci rübündə dövlət büdcəsinin mədaxil proqnozu 118  faiz yerinə yetirilib ki, bu da proqnoza nisbətən 422,7 mln. manat, 2010-cu ilin eyni dövrü ilə müqayisədə isə 322,2 mln. manat və ya 13,2 faiz çoxdu.

Təsdiq olunan proqnoza Vergilər Nazirliyi 120  faiz əməl etməklə büdcəyə 1160,9 mln. manat və ya proqnoza nisbətən 193,5 mln. manat, ötən ilin eyni dövrünə nisbətən isə 151,3 mln. manat və ya 15  faiz çox vəsait təmin edib.

Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100,3 faiz əməl olunmaqla büdcəyə 240,6 mln. manat və ya proqnoza nisbətən 0,6 mln. manat çox vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35,2 mln. manat və ya 17,1 faiz çoxdur.

Dövlət Neft Fondundan büdcəyə 1330,0 mln. manat vəsait transfert edilib. Sair daxilolmalar üzrə büdcəyə 36,9 mln. manat vəsait təmin edilib  ki, bu da proqnoza nisbətən 32,6 mln. manat və ya 8,6 dəfə, ötən ilin eyni dövrü ilə müqayisədə 30,7 mln. manat və ya 6,0 dəfə çox olub.

Hesabat dövründə dövlət büdcəsinin xərcləri 87,3 faiz və ya 2010-cu ilin eyni dövrü ilə müqayisədə 108,3 mln. manat və ya 5,5 faiz çox icra edilib.

2011-ci ilin 1-ci rübündə cari xərclərə ümumi xərclərin 69  faizi həcmində və ya 1440,5 mln. manat vəsait sərf edilib ki, bu da 2010-cu ilin eyni dövrü ilə müqayisədə 147,4 mln. manat və ya 11,4 faiz çoxdu.

 Əsaslı xərclərə 634,5 mln. manat və ya ümumi xərclərin 30,4 faizi həcmində vəsait yönəldilib.  Həmin vəsaitin 546,4 mln. manatı dövlət əsaslı vəsait qoyuluşu xərclərinə, 88,1 mln. manatı isə büdcə təşkilatlarına əsas vəsaitlərin alınması xərclərinə sərf edilib.

Dövlət borclarına xidmətlə bağlı xərclərə ümumi xərclərinin 0,6 faizi həcmində və ya 12,4 mln. manat vəsait istifadə olunub ki, bu da 2010-cu ilin eyni dövrü ilə müqayisədə 2,7 mln. manat və ya 27,8 faiz çoxdu.

İqtisadi təsnifata uyğun olaraq cari ilin 1-ci rübü ərzində dövlət büdcəsinə daxil olan vəsaitin 47,9 faizi və ya 1 mlrd. manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilməklə 2010-cu ilin eyni dövrü ilə müqayisədə 129 mln. manat və ya 14,9 faiz çox olub.

2010-cu illin eyni dövrü ilə müqayisədə 2011-ci ilin 1-ci rübündə dövlət büdcəsindən Müdafiə xərclərinə 24,4 mln. manat və ya 21,9 faiz, Səhiyyə xərclərinə 13,1 mln. manat və ya 21,8 faiz, Sosial müdafiə və sosial təminat xərclərinə 65,8 mln. manat və ya 19,2 faiz, Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 10,7 mln. manat və ya 18,1 faiz, Təhsil xərclərinə 29,6 mln. manat və ya 12,4 faiz, Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərclərinə 3,4 mln. manat və ya 11,9 faiz, Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinə 6,6 mln. manat və ya 5,2 faiz, Ümumi dövlət xidmətlərinə 1,9 mln. manat və ya 1,2 faiz çox vəsait yönəldilib.

2011-ci ilin 1-inci rübündə istifadə olunan 546,4 mln. manat dövlət əsaslı vəsait qoyuluşu xərclərindən sosial təyinatlı layihələr üzrə (təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı) obyektlərin tikintisinə və yenidənqurulmasına 148 mln. manat vəsait, enerji, su təchizatı, qaz, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının və bu qəbildən olan digər obyektlərin tikintisinə, yenidənqurulmasına və müvafiq avadanlıqların alınmasına 398,4 mln. manat vəsait yönəldilib.

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?