Bu gün Demokratik İslahatlar Partiyasının qərargahında “Azərbaycan cəmiyyətində xanımların rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə DİP sədri Asim Mollazadə, ABŞ-ın ölkəmizdəki səfirinin həyat yoldaşı Zeyno Baran, millət vəkili Qənirə Paşayeva, Gülər Əhmədova, Elmira Axundova, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, APA-nın baş direktoru Vüsalə Mahirqızı və digər şəxslər iştirak ediblər.
Millət vəkili Asim Mollazadə Azərbaycan qadınlarının cəmiyyətdə əvəzolunmaz rola malik olduğunu deyib: “Azərbaycan xanımları cəmiyyətin müxtəlif təbəqələrində, o cümlədən siyasi arenada mühüm yerə malikdirlər. Onların sayları aramızda çoxaldıqca, bizim də gücümüz artır”-deyə qeyd edən A.Mollazadə bildirib ki, artıq bu gün Azərbaycan xanımı nəinki siyasi fəaliyyətlə məşğuldur, hətta Dövlət Sərhəd Xidməti və miqrasiya orqanlarında da çalışırlar. “Bu gün bəzi regionlarda 12 yaşlı qızları ərə verirlər. Axı, onlar da oxumalıdırlar, təhsil almalıdırlar. Bu baxımdan mən hesab edirəm ki, cəmiyyətdə qadınların layiqli yer tutması üçün onlara imkan verilməldir”. DİP sədri xanım liderlər yetişdirmək üçün gənclərə xüsusi önəm verməyin lazımlığını qeyd edib.
Millət vəkili Elmira Axundova da Azərbaycan cəmiyyətində qadınların ən yüksək pillələrə layiq olduqlarını deyib.
“Milli Məclisdə 20 xanım deputat təmsil olunub. Onların inanın ki, çoxları bir çox kişi millət vəkilllərindən aktivdirlər. Bələdiyyələrdə isə qadınlar 25 faiz təşkil edir”-deyə E.Axundova qeyd edib. Millət vəkili Azərbaycanda qadın nazirin olmamasını qeyd edərək bildirib ki, nədənsə Azərbaycan xanımları icra strukturlarında o qədər də yüksək pillələrdə təmsil olunmurlar. “Bu gün Azərbaycanda bir nəfər də olsun qadın nazir yoxdur. Bir-iki rayon istisna olmaqla icra hakimiyyətlərində ən azı müavin olan qadınlarımız yoxdur. Əslində xanımlar icra orqanlarına cəlb olunsalar, ordakı ab-hava da dəyişilər”.
Təbdirdə çıxış edən millət vəkili Gülər Əhmədova ailə-məişət zorakılığından geniş söz açıb. Onun sözlərinə görə, ölkəmizdə qadınlara qarşı psixoloji təzyiqlər hələ də davam edir.
“Hazırda Azərbaycanda məncə, elə bir ailə yoxdur ki, orada xanımlar ən azı psoxoloji təzyiqə məruz qalmasınlar. Bunun da başlıca səbəbi qadınların öz hüquqlarını bilməməsidir”.
APA-nın baş direktoru Vüsalə Mahirqızı da Gülər Əhmədovanın fikirlərini dəstəkləyərək deyib ki, öz hüququnu bilən xanıma qarşı heç kim zorakılıq və təzyiq göstərə bilməz:
“Xanımların yüksək vəzifələrə daşınması Azərbaycanda xanımlara qarşı münasibəti dəyişdirməyəcək. İlk öncə cəmiyyətdə Şərq stereotipləri aradan qaldırılmalıdır”.
Millət vəkili Qənirə Paşayeva tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək qeyd edib ki, bu mövzu davamlı olaraq gündəmdə saxlanmalıdır. Deputatın fikrincə, Azərbaycan xanımlarının parlament və digər mühüm yerlərdə olması çox vacib məsələlərdəndir.
“Mən hesab edirəm ki, bu baxımdan Azərbaycanda kvota qoyulmalıdır. Qadınların hüquqlarının qorunmasında KİV-lərin rolu əvəzolunmazdır”-deyə Q.Paşayeva əlavə edib.
Tənzilə Rüstəmxanlı isə çıxışında cəmiyyətimizdə qadına qarşı baxış tərzinin dəyişdirilməsinin vacibliyini önə çəkib.
Tədbirin sonunda Azərbaycan Dillər Universiteti və Slavyan Universitetinin xanım tələbələrinin iştirakı ilə maraqlı diskussiyalar aparılıb.
Anar Rüstəmov