Azərbaycanda sulu qəlyanlar və elektron siqaretlər də tütün məmulatlarına bərabər tutulacaq. Modern.az-ın məlumatına görə, bu “ Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsində qeyd edilib.
Belə ki, tütün yarpağından və onun komponentlərindən hazırlanmış, tərkibində kikotin, aktiv alkolid, o cümlədən kanserogen maddələr olan və nikotinə aludəçilik yaradn məhsul ( siqaretlər, papiroslar, siqarlar, siqarillalar, çubuq tütünü və s.), sulu qəlyanlar və elektron siqaretlər də bu qanunun təsir dairəsində tütün məmulatlarına bərabər tutulur.
“Araşdırmalar göstərir ki, əgər Azərbaycanda kişilərin 36 faizi siqaret çəkirsə, siqaret çəkməyən kişilərin 77 faizi ictimai və iş yerlərində, qadınların isə 41 faizi evdə tütün tüstüsünün təsirinə məruz qalır”.
Bunu Milli Məclisdə keçirilən “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunan dəyirmi masada çıxışı zamanı Səhiyyə Nazirliyinin İсtimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov deyib.
C.Məmmədov bildirib ki, bu nisbət yeniyetmələrə gəldikdə daha nəzərə çarpacaq səviyyədədir.
“Belə ki, Azərbaycanda yeniyetmələrin 7 faizi tütün çəkirsə, siqaret çəkməyən yeniyetmələrin 29 faizi evdə, 41 faizi isə qapalı və ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qalır. Bu göstərici son beş ildə 50 faiz artıb”.
O həmçinin qeyd edib ki, ikincili tütün tüstüsünün təsirinin təhlükəsizliyi mövcud deyil.
“Qapalı şəraitdə hətta havalandırma sistemi olduqda belə onun təsirinin təhlükəsiz səviyyəsinə endirmək qeyri-mümkündür. ÜST-ün tövsiyəsinə görə yalnız tütün tüstüsündən tam azad ərazidə effektliliyi təmin etmək olar. Avropanın 10 ölkəsində hərtərəfli qadağalar tədbiq edilir”.
Nazirlik rəsmisi deyib ki, tütünün məhdudlaşdırılmasının ölkədə turizmin inkişafına mane olacağı barədə iddialar doğru deyili.
“Belə fikirlər səslənir ki, kafe və restoranlarda siqaretlərdən istifadənin qadağan edilməsi turistlərin ölkədən qaçması və gələcəkdə bu səbəbdən turistlərin sayının azalmasına təsir göstərəcək. Lakin bu gün Avropa İttifaqı ölkələrindən gələn turistlər restoranlarda siqaret çəkməyi normal qarşılamayaraq qeyri-adekvat, yad bir hal kimi qiymətləndirirlər. Bu gün ictimai yerlərdə siqaret çəkmək vətəndaşların Konstitusiya hüquqlarının pozulmasına səbəb olur”.
Parlamentin Sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev deyib ki, Azərbaycanda tütün məmulatlarının (siqaretin) nümayişinin qadağa olunması ilə bağlı qəbul olunacaq qanun geriyə də şamil ediləcək.
Sektor müdiri bidlirib ki, bu, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin ikinci oxunuşunda edilən dəyişiklikdə əskini tapıb.
“Birinci oxunuşda bunu yalnız qanun qəbul edildikdən sonra çəkiləcək video materiallarda (kino, proqram, veriliş və s.) nəzərdə tutmuşduq. Lakin sonradan edilən irad və təklifləri nəzərə alaraq, Türkiyə modelindən istifadə etməyə qərar verdik. Qanun qəbul edildikdən sonra qadağa geriyə də şamil olunacaq. Bu vaxtadək çəkilən bütün video materiallar efirə verilən zaman siqaretin nümayişi qadağan ediləcək”.
Mirmahmud KAZIMOĞLU