“Təhsil müəssisələrinə yaxın yerlərdə qapalı müəssisələr olsa belə, orada qəlyan çəkilməsi qadağan edilməlidir”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunan dəyirmi masada çıxışı zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova deyib.
Komitə sədri bildirib ki, bununla bağlı “Tütün məmulatlarının istifadəsinin məbdudlaşdırılması haqqında” qanun layihəsinə əlavələr edilməlidir, çünki təhsil müəssisələrinin ətrafı ictimai iaşə obyektləri ilə dolu olur. “Yeniyetmə gənclər də həm dərsə gələndə, həm dərsdən çıxanda elə yerlərə maraq göstərirlər. Bu gün yeniyetmələrin sulu qəlyana marağının olduğunu kimsə inkar edə bilməz. Ona görə də tək qapalı məkanlarda qəlyanın çəkilməməsi məsələsi ilə kifayətlənməməliyik” .
“Azərbaycanda sulu qəlyan tamamilə qadağan edilməlidir”. Bunu isə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə deyib. O, bildirib:
“Qəlyan insanın səhhəti üçün çox zərərlidir. İstifadə zamanı onun müştüyü və borusu dəyişməlidir. Lakin buna əməl edilmir. Qəlyanı xəstə insanlar da çəkir və bununla da insanlar arasında vərəm və digər müxtəlif xəstəliklər yayılır. Narkotik çəkmə üçün də ondan istifadə edilir. Bununla da gəncləri narkotiklərə cəlb edirlər. Elə gənclər var ki, siqareti heç çəkmir, amma qəlyanın ətri onların xoşuna gəlir və istifadə edirlər. Digər tərəfdən, Azərbaycanda qəlyan tütünləri istehsal edilmir, onlar xaricdən gətirilir. Buna görə də onun pulu da xaricə gedir. Bu, Azərbaycan büdcəsinə heç bir xeyir vermir”.
Araz Əlizadə bildirib ki, sağlamlıq üçün böyük təhlükə törədən, qəlyan istifadəsi ümumiyyətlə qadağan etmək lazımdır.
“Ümumiyyətlə sulu qəlyan tütündən daha təhlükəlidir, daha çox virus daşıyıcısıdır. Deyirlər ki, onu çəkən zaman müştüyü dəyişdirilir. Müştüy dəyişsə də, boru dəyişmir və bu da infeksiyanın yayılmasında fəal vasitədir. Qəlyandan hər kəs istifadə edir. Vərəm xəstələri də həmçinin. Hətta bəzi insanlar narkotik maddələrin qəbul etmək üçün qəlyandan istifadə edirlər. Mən elə bəzi gənclər tanıyıram ki, onlar siqaret çəkmir. Amma qəlyandan istifadə edir”.
A.Əlizadə hesab edir ki, qəlyanın qadağan edilməsi turistlərin ölkəyə olan marağının azalmasına səbəb ola bilməz.
Ölkəmizə gələn turistlər 10 gün qəlyan çəkməsələr ölməzlər. Ona qalsa turistlər üçün Avropada olduğu kimi tiryəkxana da açmalıyıq? Həmçinin ölkəmizə gələn ərəb turistlər kazınonu da sevirlər. Gərək onlar üçün kazino da açaq?”.
Mirmahmud KAZIMOĞLU