Hazırda Azərbaycanda fəaliyyət göstərən məktəbəqədər tərbiyə müəssisələrinin - bağçaların kifayət qədər problemi var. Bağçalarda sıxlıq halları müşahidə edilir, uşaqların qəbulu üçün müəyyən qanunsuz ödənişlər tələb edilir və.s.
Eyni zamanda, bağçalardakı kadr məslələrini də xüsusilə vurğulamaq lazımdır. Məsələn, götürək imtahandan keçən, lakin işə götürülməyən şəxsləri..
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə və təhsil eksperi Məhərrəm Zülfüqarlı Modern.az-a bu məsələdən danışıblar.
Asim Mollazadə düşünür ki, ehtiyat kadr məsələsi yalnız yeni bağçalar açıldığı halda həll oluna bilər:
“Mən hesab edirəm ki, məktəbəqədər təhsil müəssisələrinin sayı artmalıdır, bu şəbəkə genişlənməlidir. Bilirsiniz ki, prezidentin göstərişinə əsasən, bütün yeni inşa olunan binalarda birinci mərtəbələr məhz məktəbəqədər təhsil müəssisələri üçün ayrılmalıdır. Yeni yerlər açıldığı halda imtahandan keçən müəllimlər ehtiyat kadrdan çıxıb işlə təmin ediləcəklər. Sadəcə olaraq bu, vaxt tələb edir”.
“Müəllimlərin iş üçün imtahan verməsi düzgün deyil”
Təhsil eksperti Məhərrəm Zülfüqarlının fikrincə, hər şeydən əvvəl ali təhsili olan şəxs yenidən imtahan verməməlidir:
“Bu gün bağçalarda ciddi kadr problemi var. Peşəkarlıq məsələsi öz yerindədir. Lakin hər şeydən əvvəl müəllimlərin işə qəbul üçün imtahan verməsi düzgün deyil. Əgər bağçalarda müəllim kimi işləmək istəyən bir şəxs Təhsil Nazirliyinin bilavasitə qurumu olan ali məktəbi bitiribsə, Dövlət İmtahan Komissiyası ona imtahan əsasında diplom veribsə, həmin şəxsə şübhə ilə yanaşmaq ən azı hörmətsizlikdir. Bir dəfə imtahan vermiş birini yenidən imtahan etmək məqbul sayılmır. Hansısa bir qurum istənilən adamı işə götürəndə onu yoxlaya bilər, amma nazirliyin bilavasitə səlahiyyətində olan universiteti bitirib, yenidən imtahan edilmək yanlışdır.
Kadr məsələsində neqativ hallar olduğunu hamı bilir. Burda proteksiya var və korrupsiya hallarını müşahidə etmək mümkündür. Bu məsələləri aradan qaldırmaq üçün davamlı tədbirlər görülməlidir. Digər tərəfdən, imtahan verən şəxs bu mərhələdən keçdiyi halda işə götürülmürsə, imtahan götürənin özü problemlidir. Həmin insan yerində olmayan biri kimi işdən azad edilməlidir.
Bağçalarda olan işçilərin isə monitoriq yolu ilə peşəkarlığı yoxlanmalıdır. Bu da nazirliyin işidir”.
Günay RƏSULQIZI