"Akademi Group" şirkətinin keçmiş rəhbəri Razi Vəliyev təhsil sahəsində tanınmış şəxslərdən biri olub. O, Azərbaycanda təhsil sərgilərinin təşkilatçısı kimi tanınıb.
Təəssüf ki, martın 26-da Yasamal rayonu ərazisində yolu keçərkən sürətlə hərəkət edən minik avtomobili onu vuraraq kənara atıb və R.Vəliyev hadisə yerindəcə keçinib.
Modern.az saytı Razi Vəliyevlə bağlı onun ölümündən sonra “Akademi Group” şirkətinin direktoru kimi fəaliyyət göstərən Murad Ağalarovla həmsöhbət olub. O, Razi Vəliyevlə təkcə ortq yox, həm də dost olub:
“Razi Vəliyevlə tanışlığım 2008-ci ilə təsadüf edir. Həmin ildə mən təhsil mərkəzində direktor vəzifəsində idim. Razi də həmin şirkətdə işə başladı. O vaxtdan bəri dostluq əlaqələrimiz davam edirdi. Razi şirkətdə əvvəlcə riyaziyyat fənnini tədris edirdi, yəni müəllim kimi işləyirdi. Daha sonra 2009-cu ildə mən o şirkətdən ayrıldım. Razi həmin şirkətdə həm direktor, həm də müəllim kimi fəaliyyət göstərirdi. 2010-cu ildə Razi də şirkətlə yollarını ayırdı və ikimiz birlikdə öz şirkətimizi qurduq. “Akademi Group” şirkətində ortaq kimi fəaliyyətə başladıq”.
M.Ağalarov Razi Vəliyevdən danışarkən onu yalnız yaxşı insan kimi xatırladığını bildirdi:
“Razi üçün ancaq yaxşı sözlər deyə bilərəm. Onda heç bir pis vərdişlər və ya pis xasiyyət görmədim. Razini ancaq fədakar , Azərbaycan gənclərinin, tələbələrin xaricdə təhsil alması üçün əlindən gələni edən bir insan kimi xatırlayıram. Elə vaxt olub ki, tələbələrin Türkiyədəki xərclərini qarşılamışıq, onların təhsil haqqına qədər ödəmişik. Onun təhsil sahəsində kifayət qədər xidmətləri olub”.
Çətin olsa da, Murad Ağalarov dostunu itirdiyi günü belə xatırlayır:
“Biz Razi ilə İstanbulda idik. 22-24 mart arası “Avrasiya Universitetlər Birliyi”nin tədbirində iştirak etdik. Tədbir üç gün davam etdi, biz beş gün İstanbulda, hətta eyni otaqda qaldıq. Daha sonra Tiflisə qayıtdıq. Gürcüstanda “Akademi Group”un tədbiri var idi. Ona görə mən Gürcüstanda qalmalı oldum. Razi Bakıya qayıtdı, elə həmin vaxt bu hadisə baş verdi.
Mən xəbəri səhəri gün saat 9-da aldım və həmin vaxt keçirdiyim hissləri dillə ifadə etmək mümkün deyil. Şokdaydım və inana bilmirdim. Hətta bunun zarafat olduğunu düşündüm. Xəbəri həyat yoldaşımdan eşidəndə artıq bildim ki, bu, zarafat deyil. Razi ilə həm də çox yaxın qonşu idik. O, mənim həm ortağım, həm dostum- qardaşım, həm də qonşum idi. Biz ailəvi dost olmuşuq”.
“Akademi Group”un rəhbəri bildirib ki, indi də Razi Vəliyevin ailəsi ilə əlaqələri davam edir:
“Bizim həyat yoldaşlarımız da rəfiqədirlər. Demək olar ki, bütün gün bir yerdədirlər. Razinin iki oğlan övladı var və ailə bir övlad da gözləyir. Yəni Razinin daha bir övladı olacaq. Uşaqları da bizim uşaqlarla bir yerdə olurlar. Düzdür, üzüntüləri çoxdur və bunun öhdəsindən gəlmək çətindir. Həyat yoldaşı, ailəsi çox sarsıntı keçirib. Ona dəstək olmağa çalışırıq. Onun qohumları, qardaşları və eləcə də biz nə qədər dəstək olsaq da, Razinin yoxluğuna öyrəşmək çox çətindir...”.
Modern.az saytı olaraq bir daha Razi Vəliyevin ailəsinə, yaxınlarına baş sağlığı diləyirik...
Allah rəhmət eləsin!
Günay RƏSULQIZI