Ölkə mediasının gündəminə qızı Aysel Şükürovanın səs-küylü toyu ilə gələn Bakı Lift-Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun Vergilər Nazirliyi, Hesablama Palatası və Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən aparılan yoxlamalardan sonra işdən qovulduğu xəbərləri hələ ki təsdiqlənmir.
Özünü Bakı Lift-Təmir İstehsalat Birliyinin Əli adlı mühəndisi kimi təqdim edən məsul şəxs Modern.az-a məlumatların yalan olduğunu deyib:
“Bizdə belə bir məlumat yoxdur. Əgər xəbərlər doğru olsaydı, rəsmi məlumat verilərdi”.
Eyni zamanda nümayəndələrinin qurumda araşdırma apardığı deyilən Hesablama Palatasının mətbuat xidmətinin rəhbəri Nailə Qazıyeva Modern.az-a açıqlama verib. O qeyd edib ki, mediada səs-küy doğuran təmtəraqlı toy mərasimindən sonra Palata tərəfindən həmin qurumda yoxlama aparılmayıb.
Vergilər Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bir qayda olaraq vergi ödəyicilərində aparılan yoxlamalar onların kommersiya məlumatı hesab edildiyi üçün açıqlanmır.
Bu gün mətbuatda yer alan xəbərlərə görə, qızı Aysel Şükürovanın 400 min dollarlıq toyu, dəbdəbəli həyat tərzi ilə gündəmə gələn Bakı Lift-Təmir İstehsalat Birliyinin rəhbəri Qüdrət Şükürovla bağlı məsələ ölkədə ən üst səviyyədə narazılıq yaradıb. Dərhal bu məsələnin araşdırılması və ölçü götürülməsi tapşırılıb. Hətta sözügedən toyla bağlı da ayrıca araşdırmanın aparıldığı, toyda iştirak edən şəxslərin, bəylə-gəlinə mahnı həsr edənlərin dindirildiyi bildirilir.
Gülşən RAUFQIZI