Bakı 2017 İslam Həmrəyliyi Oyunları bu gün «Microsoft» şirkətinin Oyunların Rəsmi Dəstəkçisi olacağını elan edib.
«Microsoft» Rəsmi Dəstəkçi kimi “Bakı 2017 Skype zonası” təşəbbüsünün reallaşdırılması ilə əlaqədar texniki proqram təminatı, avadanlıq və brendinq təmin edəcək.
Bu maraqlı və yenilikçi təşəbbüs İHİF-in 57 üzv ölkəsindən olan medal qazanmış idmançıların öz uğurlarını dostları və ailələri ilə video-əlaqə yaradaraq qeyd etmələrini mümkün edəcək. “Bakı 2017 Skype zonası" idmançıların hər bir reaksiyasını üç kamera ilə qeydə alaraq tamaşaçılara Oyunların ən maraqlı həyat hekayələrini yaxından izləmək imkanı verəcək.
Söhbətlər veb-kamera, eləcə də laptop ekranının və idmançının kürəyinin arxasındakı kameralar vasitəsilə lentə alınacaq. Əvvəlcə 10 dəqiqə sürən videolar 90 saniyəlik kliplər şəklində montaj olunacaq və Bakı 2017-nin sosial media kanalları (Facebook.com/baku2017; Twitter.com/Baku2017isg; Youtube.com/Baku2017) vasitəsilə onlayn yayımlanacaq.
Bakı 2017 Əməliyyat Komitəsinin direktoru, Atletlər kəndinin meri və könüllülərin səfiri Elçin Səfərov «Microsoft» şirkəti ilə tərəfdaşlığın elan edilməsindən bəhs edərkən qeyd edib: "Biz «Microsoft» kimi bütün dünyada tanınmış brendin Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Rəsmi Dəstəkçisi olmağa razılıq verməsindən çox məmnunuq."
"Bakı 2017 Skype zonası yeni üfüqlər açır və azarkeşlərə qazandıqları uğurun sevincini yaşayan və uğurlarını dostları və ailələri ilə birlikdə qeyd edən idmançıların hislərini paylaşmaq kimi çox gözəl imkan verir."
“Microsoft Azərbaycan” şirkətinin baş direktoru Sərxan Həşimov əlavə edib: "Microsoft korporasiyası IV İslam Həmrəyliyi Oyunları kimi böyük idman tədbirinin tərəfdaşı olmaqdan və Oyunların keçirilməsinə öz töhfəsini verməkdən qürur duyur. Biz gələcəkdə də yenilikçi texnoloji yanaşmamızın köməyi ilə milli əhəmiyyətə malik layihələrin həyata keçirilməsində iştirak etmək niyyətindəyik."
«Microsoft» Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının iTicket, Fresco, Milla, Red Bull, Azərsun və Nestle ilə birlikdə yeddinci Rəsmi Dəstəkçisi oldu.
Modern.az