Bu gün mərhum şair Ağa Laçınlının doğum günüdür. Adını adı ilə qoşalaşdırdığı Laçın həsrəti ilə dünyadan köç edən şairin ruhu hələ narahatdır.
Modern.az saytı mərhum şairin oğlu Fəxri Uğurlu ilə əlaqə saxlayaraq atası ilə bağlı xatirələrini öyrənib.
“1980-ci illərin sonu, 90-cı illərin əvvəlində atamın “Ya Rəbb! Məni o kəndə götür” adlı bir şeiri vardı. Həmin şeirdə vətən, yurd nisgili yer alıb.
Atam həmişə arzusunda idi ki, təqaüdə çıxandan sonra Laçına qayıtsın. Hətta, kəndimizdə ev tikmək üçün bir yer də ayırmışdı. Bunu hər birimiz bilirdik. Atam torpağa, vətənə son dərəcə bağlı insan idi. Bizi də o tərbiyə ilə böyüdüb. Biz kəndə gedəndə kənd uşağı kimi davranış sərgiləyirdik. 3-4 gündən sonra kənd uşaqlarına qaynayıb qarışırdıq. Hətta, mənə “şəhər uşağı” deyəndə acığım tuturdu. Baxmayaraq ki, kəndimiz kiçik bir yer idi, amma bütöv Laçın bizə doğma idi”.
Fəxri Uğurlu Ağa Laçınlının yurda, vətənə çox bağlı adam olduğunu deyir.
“Torpağı əldən gedəndən sonra onun vəziyyətini təsəvvür etmək çətindir. Vətənində torpağa tapşırılmaq da qisməti olmadı. Bundan ağır dərd olarmı?! Atam tez-tez Laçına gedirdi. Yayda bizi də aparırdı. Hətta, tamın kəndə getməsi münasibətilə bir bayram, şölən olurdu. İnsanların çoxu sadəcə, atamı görməyə gəlirdi. Bizim olduğumuz kənddə insanlar bir-birinə çox doğma idi. Bəzən deyirdim ki, mən ibtidai icma quruluşunu görmüşəm. Çünki bizim kəndimizdə evlər arasında çəpər də yox idi. Hamı bir-birilə sıx yaşayırdı. Xeyir-şər məclislərində hamı bir-birinə yardım əlini uzadırdı. Təəssüf ki, o həyat dağıldı”.
Ağa Laçınlı 1940-cı il may ayının 5-də Laçın rayonunun Oğuldərə kəndində anadan olub. 1963-1966-cı illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitunun poeziya fakültəsində təhsil alıb.
1966-1969-cu illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin şeir şöbəsində ədəbi işçi vəzifəsində çalışıb. 1969-1971-ci illərdə Yazıçılar İttifaqının Natəvan klubunun müdiri olub.
Ədəbi fəaliyyətə 1958-ci ildə Ağdam rayonunun "Lenin yolu" qəzetində çap olunan "Çoban" şeiri ilə başlayıb. 1966-cı ildə "Ümid" adlı ilk kitabı işıq üzü görüb. Sonralar "Sakitlik", "Sirli-soraqlı dağlar", "Aşırımlar qarşısında", "Vaxt yetişəndə", "Sevgimizlə sevindirək", "Meşə nəğməsi", "Gecə yuxusu", "Alın yazımız" və s. kitabları çapdan çıxıb.
Ağa Laçınlı 1970-ci ildən Bakı Dövlət Universitetində çalışıb, "Dünya ədəbiyyatı" kafedrasının dosenti olub. 1980-ci ildə "Azərbaycan bayatılarının bədii xüsusiyyətləri" adlı namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi adına layiq görülüb. "Homer dastanlarında türkçülük" adlı doktorluq dissertasiyasını yekunlaşdırmışdı. Antik Yunan ədəbiyyatı üzrə mütəxəssis olan Ağa Laçınlı qədim şumer, antik yunan, qədim Roma, Çin, hind, eləcə də polyak, rus, vyetnam, slovak, yapon, koreya, argentina və başqa xalqların klassik poeziyasından seçmələri dilimizə çevirib.
1967-2006-cı illərdə işlədiyi filologiya fakültəsində ədəbiyyat dərnəyinə başçılıq edib. Türkiyə, Rusiya, Latviya, Litva, Estoniya, Gürcüstan və başqa ölkələrdə Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, elminə dair mühazirələr oxuyub.
Ağa Laçınlının əsərləri Rusiyada, Fransada, Türkiyədə, ABŞ-da, Çində, Hindistanda, Polşada, Ukraynada, Belarusda, Gürcüstanda, Bolqarıstanda, İraqda və s. ölkələrdə çap edilib.
Ağa Laçınlı 2007-ci il noyabrın 25-də Bakı şəhərində vəfat edib.
Namidə BİNGÖL