Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" adlı təşkilatın sədr müavini Elçin Qasımov və təşkilatın üzvləri Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, hakim Mayıl Bayramovun sədrlik etdiyi prosesdə şahid qismində ifadə verən Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Nəsib Əsədullayev bildirib ki, 2015-ci il noyabrın 5-də onlara Sabunçu rayon Polis İdarəsinə getmək tapşırığı verilib. Hadisə yerində vətəndaşların səs-küy salmasını, daş atmalarını görüb.
Prosesdə ifadə verən digər polis əməkdaşı Nadir Vəliyev təqsirləndirilən şəxsləri tanımadığını deyib.
Daha sonra prosesdə ifadə verən Sabunçu rayon 14-cü Polis Bölməsinin əməkdaşı Emin Babayev bildirib ki, 2015-ci il noyabrın 5-də Elçin Qasımova yaxınlaşıb bölməyə dəvət etsə də, o, bu dəvətdən imtina edib.
Təqsirləndirilən şəxs Elçin Qasımov şahidin yalan ifadə verdiyini bildirib.
Proses mayın 12-də davam edəcək.
Modern.az