Modern.az

Araz Əzimov Dağlıq Qarabağla bağlı referendumun keçirilmə şərtlərini açıqladı

Araz Əzimov Dağlıq Qarabağla bağlı referendumun keçirilmə şərtlərini açıqladı

Aktual

6 May 2017, 12:54

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı referendum keçirilməsinin mümkünlüyü məsələsini şərh edib.

"Report" xəbər verir ki, A.Əzimov jurnalistlərə açıqlamasında hazırda referendum keçirilməsi məsələsinin müzakirə olunmadığını bildirib.

"Azərbaycan Respublikasının Konstitusiyası bunu tələb edərsə, bütün Azərbaycan ərazisində referendum keçirilə bilər. Münaqişənin həlli zamanı nə vaxtsa məsələ referendum keçirilməsinə çatsa, bütün Azərbaycan xalqı onda iştirak edəcək. Regionun statusunun müəyyənləşdirilməsi qanuni proses çərçivəsində həyata keçirilməlidir. Bu isə həmin torpaqlardan qovulmuş əhalinin iştirakı ilə mümkündür", - deyə o vurğulayıb.


A.ƏzimovATƏT-in Ermənistandakı ofisinin bağlanması məsələsini şərh edib.

O, ATƏT-in Yerevan ofisinin bağlanmasının Azərbaycanın legitim tələblərinə əsaslandığını bildirib.

"ATƏT-in Yerevan ofisinin Ermənistan-Azərbaycan münaqişəsinin aspektlərinə toxunmamasını tələb edirdik. Bu məsələ qaldırılmışdı və nəticə olaraq Avstriya sədrliyi müəyyən addımlar atdı. Lakin Ermənistan tərəfi buna razılıq vermədi. Belədə Avstriya və ATƏT-in digər üzvləri narazılıqlarımızı qəbul edərək belə qərara gəldilər ki, bu halda Yerevan ofisi fəaliyyətini davam edə bilməz. Proses artıq başlayıb və təxminən 3 ay sonra başa çatacaq".


Araz Əzimov deyib ki, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasının başlanması üzrə razılaşdırılmış fəaliyyət qrafiki zəruridir.


"Maneələri aradan qaldırmaq lazımdır. Hər bir münaqişənin həlli tərəflərin mövqelərinin yaxınlaşması ilə başlayır. Bunu fikirləşməyə, icad etməyə ehtiyac yoxdur: beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş qətnaməsi hər şeyi açıq-aydın göstərir. Bu sənədlər Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılmasını, qaçqın və məcburi köçkünlərin geri qayıtması üşün münasib şəraitin təmin olunmasını tələb edir.

Bu bazanı digər tərəf də tanıyarsa, irəli hərəkət etmək olar. Belə planlar həm 1992-ci ildə, həm də 1993-cü ildə olub. Amma hər dəfə Ermənistan tərəfinin hansısa hərəkəti ilə planlar boşa çıxıb. Bu təcrübə aradan qaldırılmayınca irəli hərəkət edə biləcəyimizi düşünmürəm", - A.Əzimov bildirib.

"Tez-tez ATƏT-in Minsk qrupunun həmsədrlərindən onların tərəflərlə nizamlanma məsələsini müzakirə etdiklərini eşidirik. Onlar bəzən prinsiplər barədə razılığa gəlmək lazım olduğuna işarə edirlər. Bəzən yanaşmalarda razılıq əldə edilməli olduğunu bildirirlər. Hərçənd prinsiplərlər də, yanaşmalar da mövcuddur. Odur ki, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasına başlanmasının qrafiki tərtib olunmalıdır. Bütün bunlar təhlükəsizlik zəmanəti ilə olmalıdır.

Fəaliyyət qrafikini də hazırlamaq olar. Bunda problem görmürəm, problem başqa şeydədir. Problem ziddiyyətlərdə və Ermənistan tərəfinin konkret maraqlarında, onların Azərbaycan torpaqlarının işğalını davam etdirməsində maraqlı olanlardadır. Ermənistan rəhbərliyi də özünə sərf edən belə siyasi şərtlə sanki bazarlıq edir", - nazir müavini əlavə edib.



Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama