Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Andreas Loverdosla görüşüb.
Milli Məclisden Modern.az-a verilən məlumata görə, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı olan A. Loverdos Azərbaycana ötən səfərlərindən danışıb, hələ gənc siyasətçi olduğu dövrdə Heydər Əliyevin ona dəyərli tövsiyələr verdiyini minnətdarlıqla xatırlayıb.
Forum barədə təəssüratlarını bölüşən qonaq qeyd edib ki, bu Forum ölkələrarası və parlamentlərarası əlaqələrin güclənməsinə ciddi təkan verir.
S. Seyidov isə ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin rolunu xüsusi vurğulayıb, AŞPA-da Yunanıstan nümayəndə heyətinin Azərbaycan nümayəndə heyətini dəstəklədiyini razılıqla bildirib. S. Seyidov ölkəmizin uğurlu neft strategiyasından danışıb, hazırda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyini söyləyib. Bildirib ki, Azərbaycan tolerant ölkədir, burada etiqad bəslədiyi dinə və ya məzhəbə görə vətəndaşlar arasında ayrı-seçkilik yoxdur.
Görüşdə fikir mübadiləsi aparılıb, qonağı maraqlandıran suallar cavablandırılıb.
Mirmahmud KAZIMOĞLU