Modern.az

Prezident Azərbaycan provaslavlarını təbrik edib

Prezident Azərbaycan provaslavlarını təbrik edib

Təhsil

22 Aprel 2011, 19:14

Prezident İlham Əliyev Azərbaycanın provaslav xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib. Təbrikdə deyilir:

- Hörmətli həmvətənlər!

Sizi xristianların müqəddəs Pasxa bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə can sağlığı, xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm.

Yüz illər boyu Azərbaycanda yaşayan müxtəlif xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin mövcud olması, ayrı-ayrı dinlərin və etiqadların qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərməsi bu gün ölkəmizi dünyada nümunəvi tolerantlıq məkanı kimi tanınıb. Təsadüfi deyildir ki, bütün bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edən sivilizasiyalararası və dinlərarası dialoq problemlərinə həsr olunan  mötəbər beynəlxalq tədbirlərin son illər bizim ölkəmizdə keçirilməsi artıq ənənə halını alıb. Azərbaycanda etnik-dini müxtəlifliyin, tarixi-mənəvi irsin qorunub saxlanması dövlət siyasətimizin prioritet istiqamətlərindəndi və bu sahədəki səylərimizi gələcəkdə də davam etdirəcəyik.

Azərbaycan tarixən olduğu kimi, bu gün də dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, burada yaşayan hər kəs üçün doğma vətəndi. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, respublikamızın xristian icması, o cümlədən pravoslav vətəndaşlarımız ölkəmizdə gedən böyük quruculuq işlərində yaxından iştirak edir, vətəndaşlıq borcunu layiqincə yerinə yetirirlər.

Əziz dostlar!

Pasxa bayramı əmin-amanlıq, həmrəylik, mərhəmət və şəfqət rəmzi kimi hər il Azərbaycanda təntənə ilə qeyd edilir. Qoy bu nurlu bayram ailələrinizə sevinc, süfrələrinizə xeyir-bərəkət gətirsin.

Bayramınız mübarək olsun!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?