Prezident İlham Əliyev Çernobıl qəzasının ləğvində iştirak edən və həmin qəza nəticəsində zərər çəkən şəxslərə maddi yardım göstərilməsi üçün sərəncam imzalayıb.
Sənəddə bildirilib ki, 1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş verən qəza nəticəsində böyük bir ərazi xarabalığa çevrilib, yüz minlərlə insan radioaktiv şüalanmaya məruz qalıb, çarəsiz xəstəliyə düçar olub.
Həmin qəzanın nəticələrinin aradan qaldırılmasında yaxından iştirak edən minlərlə Azərbaycan vətəndaşı zərər çəkib, ötən müddət ərzində onların bir çoxu dünyasını dəyişib. Azərbaycanda Çernobıl əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların sağlamlığının qorunması istiqamətində dövlət tərəfindən zəruri tədbirlər həyata keçirilib. 1993-cü ildə qəbul edilən “Çernobıl qəzasının ləğvində iştirak edən və həmin qəza nəticəsində zərər çəkən vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə Çernobıl qəzası nəticəsində zərər çəkən vətəndaşların statusu müəyyənləşdirilib, onlara bir sıra güzəşt və imtiyazlar verilib.
Sərəncama görə, Çernobıl AES-də baş vermiş qəzanın növbəti ildönümü ilə əlaqədar qəzasının ləğvində iştirak edən və həmin qəza nəticəsində zərər çəkən şəxslərə 200 (iki yüz) manat məbləğində birdəfəlik maddi yardım göstəriləcək.
Bu məqsədlə 2011-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 1 100 000 (bir milyon yüz min) manat məbləğində vəsait ayrılıacaq. ;
Maliyyə Nazirliyi bu sərəncamda nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini müəyyən olunan qaydada təmin etmək tapşırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın müvafiq şəxslərə çatdırılmasını təmin edəcək.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Modern.az