Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevanın imzaladığı 18 aprel tarixli 131 nömrəli əmrə müvafiq olaraq İdarənin tabeliyində olan ümumtəhsil müəssisələrinin IV – V siniflərində riyaziyyat fənnindən keçiriləcək test yoxlamasının vaxtı təyin olundu. Yoxlama aprelin 27 – də saat 11:00 - da baş tutacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, şagirdlərə təqdim olunacaq testlər hər birində 15 sual olmaqla 10 variantda tərtib ediləcək.
Suallar orta səviyyədə müəyyənləşdirilib. Testlərdə asan, orta səviyyəli və çətin suallar var. 1 - 4 suala cavab verə bilən şagirdlər “2”, 5 – 9 suala cavab verə bilənlər “3”, 10 – 13 suala cavab verənlər “4”, 14 – 15 suala düzgün cavab verən şagirdlər isə “5” qiyməti alacaqlar.
Test sualları Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mütəxəssisləri tərəfindən hazırlanıb. Həm rus, həm də Azərbaycan bölməsi üzrə hazırlanan suallar və variantlar eynidir.
Hazırda BŞTİ tərəfindən müəyyən təşkilati işlər həyata keçirilir. Artıq imtahan rəhbərləri müəyyənləşdirilib. Qeyd edək ki, cavab kartları həmin gün toplanaraq İdarədə optik oxuyucu cihaz vasitəsilə yoxlanacaq və nəticələr təxminən 3 gün ərzində bəlli olacaq.
45 dəqiqə davam edəcək test yoxlaması başlamazdan əvvəl 10 dəqiqə ərzində nəzarətçi müəllimlər şagirdlərə kartın doldurulma qaydalarını bir daha izah edəcəklər. Bu 10 dəqiqənin testin həlli üçün ayrılan 45 dəqiqəyə heç bir aidiyyatı yoxdur.
Məlumat üçün bildirək ki, test yoxlaması keçirilən gün ümumtəhsil müəssisələrindən birində mətbuat nümayəndələri üçün brifinq təşkil olunacaq.
Modern.az