Modern.az-ın məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın həyat yoldaşı Zeyno Baran bu gün Qadın Jurnalistlər Assosiasiyasının qonağı olub. Assosiasiyanın rəhbəri Sevil Yusifova qonağı təşkilatın fəaliyyəti barədə məlumatlandırıb. Söhbət zamanı Zeyno Baran deyib ki, onun da valideynləri jurnalist olub.
Z.Baran Azərbaycanı doğma saydığını bildirib. Bakını və Naxçıvanı doyunca gəzdiyini, buraları doğma saydığını söyləyib. O, Azərbaycanda da fəaliyyətini davam etdirəcəyini qeyd edib.
“Azərbaycanda da boş durmayacam. Təbii ki, burada siyasətlə məşğul olmayacam. Ancaq planlarımda var ki, qadın zorakılığı, erkən nikahlarla bağlı layihələrə start verək” - deyə o, söyləyib.
Görüş zamanı Z.Baran jurnalistləri maraqlandıran sualları cavablandırıb. O, kürd olması ilə bağlı yerli və beynəlxalq mətbuatda yazılanlara aydınlıq gətirərək belə deyib: “Mən kürd deyiləm. Türkiyədə kürd-türk probleminin kökü çox dərinlərə gedir. Düşünürəm ki, kimliyindən asılı olmayaraq istənilən millətin problemləri həll olunmalı, dilini, musiqisini, mədəniyyətini qoruyub saxlamalıdır. Türkiyədə yaşayan kürdlər Türkiyə vətəndaşlarıdır. Onlar da türk dilini öyrənib cəmiyyətə inteqrasiya olunmalıdırlar.
Anam mənə bilərəkdən kürd adı qoyub. Düşünürəm ki, anamın mənə Zeyno adı qoymaqla bir türk olaraq cəmiyyətə siyasi və sosial mesaj verib".