ANS TV-nin "Xəbərçi" və "Nəzər Nöqtəsi" proqramlarının aparıcısı Qənirə Ataşova ANSpress-ə müsahibə verib. Modern.az saytı həmin müsahibəni təqdim edir.
- ANS TV-nin aparıcı jurnalistlərindən olan Qənirə Ataşova kimdir?
- Mən 1979-cu ildə Neftçalanın Aşağı Surra kəndində doğulmuşam. Kürün sahilində, hansıki o əraziləri iki gündən bir sel basır. Həmin o sel basan ərazilərdə bizim də evimiz var. Bütün uşaqlığım, həyatım Kürün sahilində keçib. Uşaq vaxtı gizli oyunlarımızı Kürdə aparırdıq. Yəni evdə dəcəllik edəndə rəhmətlik anamın cəzasından yayınmaq üçün qayığa minib Kürə çıxırdıq. Mən həmişə cəzadan qaçırdım. Balaca bacım Şəfayə deyirdi ki, gəl qaçmayaq, qoy anam bizi cəzalandırsın canımız qurtarsın. Mən də deyirdim ki, “ağlın yoxdur? Gəl qaçaq!” Gedib minirdim qayığa düz Kürün ortasına... Sonra görürdüm ki, anam rəhmətlik sahildə dayanıb, dilə tuta-tuta çağırır, “ay Qənirə, gəl, səni döyməyəcəm.” Bilirdi ki, Kürdə dayanmaq təhlükəlidir. Uşaqlıqda çox dəcəl olmuşam.
- Kürün sahilindəki o dəcəl qız ANS-ə necə gəlib çıxdı?
- ANS-ə 1998-ci ildə gəlmişəm. Artıq Bakıda ali təhsil alırdım. Jurnalistika fakültəsində oxumurdum, amma hiss edirdim ki, nə isə başqa peşəyə can atıram. Başqa sahə deyəndə, əslində sözsüz ki, televiziyaya can atırdım. Uşaqlıqda yəqin bunu çoxları edib, mən də proqramı götürürdüm əlimə televizorun qabağında dayanıb oxuyurdum, diktor olmağı arzulayırdım. ANS isə bütün telekanalların içində öz fərqli tərzi ilə, hadisələrə fərqli yanaşması ilə məni özünə cəlb edirdi. Özlüyümdə qərar verdim ki, ANS-də işləyəcəm.
Elə oldu ki, 2-ci kursda oxuyanda ANS-də müsabiqə elan olundu və müsabiqəyə qatıldım. Müsahibədə Vahid müəllim, Mirşahin müəllim və tanınmış jurnalist Sevil Nuriyeva oturmuşdular. Sözün düzü, münsiflərdən birinin Vahid Mustafayev (ANS Şirkətlər Qrupunun prezidenti red. ) olduğunu sonra bildim. Müsahibəyə qatılanlar çox idi. Onların hər üçü uşaqların hər biri ilə ayrı-ayrılıqda sorğu-suala 3-5 dəqiqə, ən çoxu 10 dəqiqə vaxt ayırırdılar. Növbə mənə çatanda Vahid müəllim mənə müraciət etdi ki, “Sən niyə işləmək istəyirsən? Qayıt kəndinizə, bütün Azərbaycan xanımları kimi ərə get, uşaq saxla. Düşünmürsənmi işləmək kişi işidir?” Sən demə, o məni yoxlayırmış. Bu sözlər xoşuma gəlmədi və bildirdim ki, mən şirkətin prezidenti ilə görüşmək istəyirəm. Mən jurnalist olmaq istəyirəm, o məni işə götürər. O zaman dedi ki, “bu şirkətin prezidenti mənəm, mən səni işə götürdüm”. Və uzun müddət təcrübə keçdim.
- İlk verilişin hansı olub?
- Orxan Fikrətoğlunun “Pressinq” verilişi. Ondan sonra ardıcıl olaraq “İç Xəbər”,“Salam Azərbaycan”, “Xəbərçi”, “Nəzər nöqtəsi”, “Əhatə dairəsi”. Yəni biz əsgər kimi hara göndərsələr orada işləyirik.
- ANS-də belə bir fikir yaranıb, “Qənirəni hara göndərsən, əliboş qayıtmır.” Əlbəttə ki, söhbət xəbərdən gedir.
-Deməzdim ki, məndə xüsusi bir istedad var. Sadəcə xəbərin dalınca gedəndə içimdə bir əminlik yaradıram ki, mən bu xəbəri gətirəcəm. Bundan sonra bu işin istiqamətində hərəkət edirəm və müsbət nəticə əldə edirəm. Ümumiyyətlə, hər bir işin dalınca cəsarətlə getmək lazımdır.
- Jurnalist kimi açmadığın bağlı qapı olub?
- Düşünmürəm ki, jurnalistikanın pik nöqtəsindəyəm. Amma hər hansı bir mövzunu işləyəndə, qarşı tərəfin kimliyindən asılı olmayaraq xəbəri alıram.
- “Nəzər Nöqtəsi”ndə olubmu ki, hansısa müsahibinizlə söhbətiniz istədiyiniz kimi alınmasın?
- Adətən bu problem məmurlarla yaşanır. Onlarla işləmək bir az çətindir. Çünki onlar danışdıqları hər kəlməyə görə özlərindən yuxarı instansiyaya cavab verməli olduqları üçün sərhəd qoymağa çalışırlar. Bu mənada sözsüz ki, jurnalist müsahibindən tam olaraq istədiyini ala bilmir. Söhbətin səmimi alınması üçün calışıram ki, çağırdığım qonaqlar özlərini ANS-in studiyasında öz evlərindəki kimi hiss etsinlər. İnsan sərbəst olanda səmimi olur.
- Ən çətin müsahibin kim olub?
- Çətin deməzdim, amma ən həyacanlı müsahibəm cənab prezidentlə olub. Qəfil alındığından (Türkiyənin İstanbul şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət başçılarının XXI Zirvə Görüşü çərçivəsində red.) bilmədim ki, çantamı, telefonumu hara qoyum, özümlə otağa keçirməli oldum. Telefonu söndürməyə, səsini almağa belə imkanım olmadı. Amma birtəhər yoluna qoydum. Sonra müsahibə basladı. Suallarımıza cavab aldıq.
Düzdür, bu müsahibənin alınmasında bizim əməyimiz olduğu qədər, cənab prezidentin də əməyi vardı. O istəməsəydi alınmazdı. Yəni, biz çalışdıq, Allah da qismət elədi.
- İndiyədək neçə prezidentdən müsahibə almısan?
- Çox olub. Elələri var artıq prezident deyillər. Ən maraqlı görüş Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla olub. Türkiyənin cənubunda “Kürd açılımı” layihəsini araşdırmağa getmişdim. Yəni adi bir jurnalist kimi araşdırdım və nəticə olaraq Türkiyənin Baş bakanlığına zəng vurub bildirdim ki, bu mövzunu Rəcəb Tayyib Ərdoğanın müsahibəsi ilə yekunlaşdırmaq istəyirəm. Mən oradakı mətbuat azadlığına heyran qaldım. Müsahibəyə elə həmin gün şərait yaratdılar. Hətta Diyarbəkirdən Ankara şəhərinə uçmağım üçün təyyarə belə ayırdılar. Bir mətbuat işçisinə belə hörmət göstərmələri məni valeh etdi. Üstəlik, “Azərbaycandan gəlib”, “Qardaş ölkədən gəlib” deyib daha yüksək səviyyədə qarşıladılar. Rəsmi olaraq 25 dəqiqəlik müsahibəm oldu, qeyri-rəsmi yarım saatadək söhbətləşdik. Səmimi söhbətlə keçən 1 saata yaxın görüşümüz məndə çox xoş izlər buraxdı.
İranın prezidenti Mahmud Əhmədnejatla, daha sonra Əfqanıstan prezidenti Həmid Kərzayi ilə görüşlər də mənim üçün maraqlı idi.
- Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovdan da ilk müsahibə götürən azərbaycanlı jurnalist sən olmusan.
- Türkmənistan prezidenti Azərbaycandan ilk olaraq ANS-in əməkdaşını-məni Türkmənistana rəsmi səfərə dəvət etdi. Bizi çox yüksək səviyyədə qəbul etdilər. Türkmənistan ilk dəfə olaraq neft-qaz sənayesinin üzünü ANS-ə açdı. Bizə bütün ölkəni gəzdirdilər. Ölkənin yüngül sənayesi, qida sənayesi ilə tanış olduq. Xəzərin sahilində salınan yeni şəhər Avazanı gəzdirdilər. Türkmənistanda olduğumuz bir həftə ərzində böyük hörmət gördük. Sözsüz ki, Türkmənistanın prezidenti mən Qənirə Ataşovaya vurulmamışdı. Azərbaycan mətbuatı olaraq, Azərbaycanın ilk müstəqil telekanalı olan ANS-ə qapı acmışdı. Türkmənistanın bu başından o başına getmək istəyəndə təyyarə həmin an hazır olurdu. Oradan bol reportajla qayıtdım. Ölkənin Özbəkistan və Qazaxıstan sərhədlərindən reportajlar hazırladım.
- Hamıdan, hətta prezidentlərdən belə müsahibə götürürsən, heç səndən müsahibə götürən olmuşdu?
- Olub. BBC, Azadlıq radiolar, CNN Türk, Əlcəzair telekanalları götürüb. İranda, Türkiyədə müsahibələr vermişəm. Türk dərgilərinin birində haqqımda xüsusi məqalə də yazılmışdı.
- Ən təhlükəli reportajın?
- İranda olub. Sonuncu prezident seçkisindən sonrakı iğtişaşlarda orada idik. Bu nəinki çətin, ən ağır gün kimi yaddaşımdan silinməyəcək. Həmin gün İrandan çıxmasaydıq, böyük ehtimalla həbsdə yatan jurnalistlərin arasında biz də olacaqdıq. Yerli jurnalistlərin köməkliyi ilə ölkədən çıxa bildik. Bizi baş verəcək təhlükədən saniyələr ayırdı. Ancaq seçki öncəsi prosesi çəkməyə icazəmiz var idi. Seçkidən sonra baş verən iğtişaşları işıqlandırmağa icazəmiz yox idi. Bizi həbs edə bilərdilər, İran dövlətinin qanunları buna icazə verirdi.
- Gəl, şəxsi həyatındakı məqamlara da toxunaq. Bildiyimizə görə, həyat yoldaşınla ANS-də tanış olmusan.
- Bəli. Biz ABŞ İraqı bombalayanda tanış olmuşuq. (gülür) Corc Buşla (keçmiş ABŞ prezidenti red.) Səddam Hüseynin (İraqın keçmiş lideri red.) davası bizim izdivacımıza səbəb oldu. O vaxt indiki millət vəkili Qənirə Paşayeva ANS-də işləyirdi. İraqdan reportajlar verirdi. Anar da (həyat yoldaşı red.) Qənirə Paşayevanın tanışı idi və ANS-ə gəlib onun tərcümələrini edirdi. Operatorumuz Raminin toyunda münasibətlərimizdə irəliləyiş oldu. Tanışlıqdan üç ay sonra nişanlandıq. Artıq Amerika İraqa ilk bombalarını atanda Anar ANS-də tərçüməliyi mənim nişanlım olaraq edirdi.
-Ailə, iki uşaq və Qənirə Ataşova kimi məhsuldar jurnalist olmaq çətin deyil ki?
-Çətin deyil. İşi də çatdırıram, ailəni də, uşağı da, ev işlərini də, hələ üstəlik marşrutla Sumqayıtdan Bakıya gəlib-getməyi də. Artıq öyrəşmişəm. Görünür hələ yaş yorulmağa imkan vermir.
- Bildiyimizə görə uşaqlar balacadır.
- Böyüyüm Fərhadın 6, kiçiyim Ceyhunun 3 yaşı var.
- Allah saxlasın. Yəqin kömək edənin var. Bütün günün ANS-də keçir, uşaqlara kim baxır?
- Sözsüz! Hər bir işimdə mənə dayaq olan insan var, o da mənim qayınanamdır. Çox gözəl xanım, çox yüksək səviyyəli, əxlaqı, əqidəsi, mənəviyyatı zəngin olan bir azərbaycanlı qadın Məhriyyə xanım. Uşaqların tərbiyəsi ilə o məşğul olur. Elə bir xanımdır ki, mən axşam işdən yorğun gedəndə, yeməyi də, çayı da qabağıma qoyur. Bəlkə də bir çoxlarının doğma anası bunu etməz. Sadəcə çox yaxşı insandır.Yer üzünə elə insan çox az gəlir. Çalışacam qayınana olanda ona oxşayım.
- Ciddi peşə sahibləri incəsənətin hansısa bir növünə meyilli olurlar. Bəlkə də bu daxili bir ehtiyacdan irəli gəlir. Sənin hobbin nədir?
- Rəssam olardım. Bir hobbim də kitab yığmaqdır. Gələcəkdə öz şəxsi kitabxanamı yaratmaq istəyirəm. Artıq bunun üzərində işləyirəm, çoxlu kitablar alıram. Kitab və rəsm əsərlərinin xəstəsiyəm. Vaxt tapanda şahmat oynamağı sevirəm. Oğlum yaxşı şahmat oynayır, çalışıram boş vaxtlarımda onunla şahmat oynayım.
- Uşaqlar üzünü görür?
- Sual lap yerinə düşdü. Balaca oğlum dünən nənəsinə deyib ki, “Mənim anam evə hər gün səhər gəlir.” Çünki, məni ancaq səhərlər görür. Nənəsi mənə deyir ki, Ceyhun gecə yerinə girəndə sevinir ki, səhər tez açılacaq anasını görəcək. Allah hamının balasını saxlasın, dilli uşaqdır. Mənə deyir ki, “Ana can, elə çox istəyirəm ki, məni sən yedirəsən, sən geyindirəsən”.
Böyük oğlum mən evə çatanda yatağa girmiş olsa da, bilirəm ki, yatmır. Çünki ona tapşırmışam ki, mütləq filan saatda yatmalısan. Gözünü yumsa da bilirəm ki, yatmayıb. Bir az əzizləyirəm, üzünə baxanda qımıldanır.
- Qənirə Ataşovanın fikrincə kişilərə nisbətən qadına jurnalist olmaq çətindir, yoxsa asan?
- Məncə asan!