Modern.az

İlham Əliyev Mehriban Əliyeva ilə birgə at yarışlarını izləyib (FOTOLAR)

İlham Əliyev Mehriban Əliyeva ilə birgə at yarışlarını izləyib (FOTOLAR)

Təhsil

24 Aprel 2011, 19:14

Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunmuş atçılığın konkur nözü üzrə 4 günlük beynəlxalq turnir aprelin 24-də Binə Atçılıq Mərkəzində Qran-Pri final yarışları ilə başa çatıb.
Final yarışlarını Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Beynəlxalq Atçılıq Federasiyasının prezidenti Ulyahəzrətləti Haya Bint Əl Hüseyn izləyiblər.

Binə Atçılıq Mərkəzində yarışdan öncə Azərbaycan Dövlət Sərhəd Xidmətinin əlahiddə nümunəvi orkestri marş ifa edib.
Azərbaycan Atçılıq İdmanı Federasiyasının prezidenti Elçin Quliyev çıxış edərək deyib ki, hazırda Qarabağ və Diliboz at cinslərinin əvvəlki şöhrətinin qaytarılması, yeni atçılıq mərkəzlərinin yaradılması istiqamətində mühüm işlər görülür. Son illərdə beş atçılıq mərkəzi, həmçinin indiki beynəlxalq turnirin keçirildiyi Binə Mərkəzi istifadəyə verilib. Yaxın gələcəkdə ümumi sahəsi 86 hektar olan və atçılıq idmanının bütün növlərinin əhatə olunacağı Mərkəzi Atçılıq Bazasının tikintisinə başlanacaq. 2011-ci ildə isə yeddi beynəlxalq yarışın keçirilməsi nəzərdə tutulub ki, onlardan üçü artıq təşkil edilib. 

Sonra turnirin hakimləri və qaydalar elan olunub. Bildirilib ki, turnirin keçirildiyi meydanda 13 maneə quraşdırılıb və 16 sıçrayış nəzərdə tutulub. Maksimum hündürlük 150 santimetr, vaxt normativi isə 84 saniyədir. Turnirin mükafat fondu 117 min dollardır. Yarışda 12 idmançı 20 atla mübarizə aparıb.

Meydana ilk olaraq Azərbaycan idmançısı Gennadi Qaşibəyazov “Latzero” ləqəbli atı ilə çıxıb. Bütün maneələri 84.86 saniyəyə 4 cərimə balı ilə başa vuran idmançının çıxışı uğurlu olub.

Sonra Rusiyadan Olqa Danilova “Kilar” ləqəbli atla, Azərbaycandan Hikmət Musayev “Layt Limerik”, Seyid Musayev isə “Ursula” ləqəbli atlarla, Polşa təmsilçisi Aleksandra Lusina “Çiara MNM” ləqəbli atla, Azərbaycan idmançıları Patrik Mak Enti “David”, Françesko Franko isə “San Sebastian” ləqəbli atlarla çıxış ediblər. Turnirin ən uğurlu çıxışını Azərbaycan idmançısı Camal Rəhimov etdi. O, “Bill Klinton” ləqəbli atı ilə maneələrin hamısını 79.15 saniyəyə heç bir cərimə xalı olmadan keçərək bütün rəqiblərini geridə qoyub.
 
Bolqarıstan təmsilçisi Tenev Venetto “Uterusa”, Belarusdan olan Viktor Petrov “Sindi Lupə”, Gürcüstandan Şalva Qaçeçeladze isə “Konrad Deluks” ləqəbli atlar ilə o qədər də uğurlu çıxış etməyiblər. Azərbaycan idmançısı Gennadi Qaşibəyazov “Papirus”, Rusiya təmsilçisi Olqa Danilova “Vodka laym”, Azərbaycan idmançıları Hikmət və Seyid Musayevlər “Arko VDH” və “Habab de Belou”, Polşa idmançısı Aleksandra Lusina “Bahar MNM”, Azərbaycandan Patrik Mak Enti isə “Konkord-57” ləqəbli atlar ilə çıxış etdilər. Azərbaycan idmançıları Françesko Franko “Zidan”, Camal Rəhimov “Platin E”, Gürcüstan təmsilçisi Kaxaber Kikiani isə “Kalitsa MS” ləqəbli atlar ilə yarışları başa vurublar.

Yarışlar başa çatdıqdan sonra keçirilən şouda məşhur Qarabağ atı nümayiş etdirilib. Balaca idmançılar da öz məharətlərini göstəriblər. Digər məşhur at cinslərinin nümunəvi çıxışları da azarkeşlər tərəfindən maraqla qarşılanıb.

Sonra Pekin Yay Olimpiya Oyunlarının təsnifat mərhələsində Azərbaycanın atçılıq idmanını layiqincə təmsil edən 16 yaşlı “Hollivud” ləqəbli at meydana gətirilib və “fəxri təqaüdə” göndərilib.

Turnirdə ən yaxşı nəticə göstərən “Bill Klinton” ləqəbli atın sahibinə isə “KİA” markalı avtomobilin açarları təqdim olunub.

Daha sonra qalib idmançıların mükafatlandırma mərasimi keçirilib.

Beşinci yerin qalibi “David” ləqəbli at ilə Azərbaycan idmançısı Patrik Mak Enti olub.
Dördüncü yeri Azərbaycan təmsilçisi Camal Rəhimov “Platin E” ləqəbli at ilə tutub.
Üçüncü yerə digər Azərbaycan idmançısı Gennadi Qaşibəyazov “Ladzero” ləqəbli at ilə çıxıb.
İkinci yerin sahibi də “Konkord-57” ləqəbli at ilə Azərbaycan idmançısı Patrik Mak Enti olub.
Nəhayət, Qran-Pri turnirində birinci yerin və Heydər Əliyev kubokunun sahibi elan edilib. Bu mükafatlara “Bill Klinton” ləqəbli at ilə Azərbaycan idmançısı Camal Rəhimov layiq görülüb.

Mükafatları Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Haya Bint Əl Hüseyn təqdim ediblər.
Mərasim Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başa çatıb. 

 

 

 

 

 

 

 



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?