IV İslam Həmrəyliyi Oyunları İslam ölkələri arasında əlaqələri daha da gücləndirəcək.
Modern.az-ın məlumatına görə, bunu İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faysal Əbdüləziz Əl-Nassar Bakı-2017 İslam Həmrəyliyi Oyunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan bütün obyektləri yüksək səviyyədə təmin edib: "İnanırıq ki, İslam Həmrəyliyi Oyunları tarixində Bakı-2017 ən yüksək səviyyədə keçirilən yarışlardan biri olacaq. Bu oyunlar islam ölkələri arasında əlaqələri daha da gücləndirəcək. Yarışlara bu cür yüksək diqqət göstərdiyinə görə Azərbaycana təşəkkür edirik".
Gənclər və idman naziri Azad Rəhimov isə deyib ki, AzərbaycanIV İslam Həmrəyliyi Oyunları çərçivəsində heç bir idmançının yol xərcini ödəmir.
O bildirib ki, hər bir idmançı Azərbaycanda qalmağa və qidalanmağa görə 50 dollar vəsait verir: "Buna Atletlər Kəndində qalmaq və qidalanmaq daxildir. Hansı ölkələr ki, bizə müraciət edib, biz onlara qalmaq və qidalanmaqla bağlı köməklik göstərmişik".
Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.
Mirmahmud KAZIMOĞLU