Sabah “Baku-2017” İslam Həmrəyliyi Oyunlarına start götürəcək. İdmançılar yarışların başlamasını səbirsizliklə gözləyir.
Belə bir vaxtda dəfələrlə dünya çempionu, dünya kəmərinin sahibi, “Kobra” ləqəbli Pərviz Abdullayev Modern.az saytına müsahibə verib.
Favorit idmançılardan hesab olunan P.Abdullayev İslam Oyunları ilə bağlı fikirlərini bizimlə bölüşüb. İdmançı ilə müsahibəni təqdim edirik:
- Sabah Bakıda mötəbər yarışlar start götürəcək. Yarışlara hazırsınızmı?
- Mən artıq 8 aydır uşu-sanda idman növünə qayıtmışam. Bu 8 ay ərzində məşqlərə ara verilməyib. İndinin özündə də İslam Həmrəylik Oyunlarına tam sürətlə hazırlıqları davam etdiririk. Məşqlərimiz yüksək səviyyədədir. Yalnız və yalnız qələbə üçün rinqə çıxacağıq. İnşallah gözlənilən nəticə əldə edəcəyik.
- Pərviz bəy, bizə məlumdur ki, İslam Oyunlarında uşu idman növündə Azərbaycan millisindən əlavə 17 ölkə təmsil olunacaq. Bu ölkələrdən hansını daha güclü hesab edirsiniz?
- Ümumilikdə deyə bilərəm ki, uşu-sanda Çin, Rusiya və İran kimi ölkələrdə yaxşı inkişaf edib. Yəni istər dünya çempionatında, istərsə də il ərzində keçirilən əhəmiyyətli yarışlarda sadaladığım ölkələr medal sayına görə birinci, ikinci və üçüncü yerləri bölüşdürür. Bu oyunlara müvafiq olaraq bizim üçün ciddi rəqib İran İslam Respublikasıdır. Lakin mən bu yarışa çox ciddi hazırlaşmışam və özümə güvənirəm. Əgər bu komandanın idmançısı ilə qarşılaşsam qələbə qazanacağam.
- Bəs bu idmançılardan daha öncə qarşılaşdığınız və ya məğlub olduğunuz varmı?
- Xeyr.
- Az öncə qeyd etdiniz ki, 8 aydır uşu ilə məşğulsunuz. Bildiyimiz qədəri ilə idman kariyeranızda öncə uşu, daha sonra K1 və yenidən bu idman növünə qayıtmısınız. Bunun səbəbi nə ilə bağlıdır?
- Bəli. Öncə uşu ilə məşğul olmuşam. Sonra kikboksda özümü sınamaq istədim və bu məndə yaxşı alındı. Mən deyərdim ki, kikboksda özümü tapdım. Uşu-sandaya qayıdışım İslam həmrəyliyi oyunları ilə bağlı oldu.
- Son hazırlıqlarınız necə davam edir?
- Hazırda komandada artıq çəkisi olan idmançılar var. Bununla bağlı olaraq gündə iki dəfə məşq edirik. Bir qədər sonra bir dəfə olacaq. Məlum olduğu kimi bizim yarışlar mayın 19-u başlayacaq.
- Sizinlə yanaşı bütün milli komandaya uğurlar!
- Çox sağ olun. Dəstəyinizə görə minnətdarıq.
Məcid ƏMİROV