Modern.az

Pensiyaları necə hesablamalı? (Ekspertdən yeni təklif var)

Pensiyaları necə hesablamalı? (Ekspertdən yeni təklif var)

25 Aprel 2011, 11:05

Vüqar Bayramov: “İslahatlar nəticəsində orta pensiya məbləği 40 faiz arta bilər”

2006-cı il yanvarın 1-nə qədər pensiyaya çıxanların aldığı pensiyalar yenidən hesablanacaq. İndiki məbləğlə müqayisə ediləcək və  bundan sonra  onların müavinətləri artacaq. Nəzərə çatdıraq ki, hazırda ölkədə 1 milyon 290 min pensiyaçının 675 mini minimum, yəni 85 manat pensiya alır. O cümlədən əvvəlki sistemlə pensiyaya çıxanların orta aylıq pensiya məbləği 102 manatdır. 2010-cu ildə pensiyaya çıxanların orta aylıq pensiya məbləği isə 150 manat həcmindədir.

Bu arada 2006-cı ilədək pensiyaya çıxanların pensiyası hesablanarkən son 2 ilin əmək haqqı əsas götürülüb. Amma həmin illərdə əmək haqqı çox aşağı olduğu üçün pensiyaya çıxanların əksəriyyəti  minimum pensiya alıb. Bir sözlə, bu hesablamadan sonra 2006-cı ilin yanvarın 1-dək pensiyaya çıxan 900 min insanın hər birinə fərdi yanaşma olacaq. İlkin hesablamalara görə, bu yeniliyin reallaşması 1 il ərzində 400 milyon manata yaxın vəsait tələb edir.  Bunun üçün isə ilk növbədə qanunvericiliyə dəyişikliklər olunmalıdır. Artıq bu istiqamətdə işlərə başlanıb. Qanuna dəyişiklik ediləndən sonra proses tam reallaşdırılacaq.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramovun sözlərinə görə,  2006-cı ildən sonra yeni standartların tətbiqi həmin ilə qədər pensiyaya çıxanların daha az vəsait almasına səbəb olub: “Pensiyaların hesablanması ilə  bağlı qaydaların müəyyənləşdirilməsinə ehtiyac var. 2006-cı ilə qədər və sonra pensiyaya çıxan eyni peşə, staj  sahiblərinin, aldıqları  pensiyaların məbləğində təxminən 40 faizə yaxın fərq var. Bu isə hüquqi, maliyyə və hüquqi baxımdan əsaslandırıla bilməz”.

Ölkədə 1 milyon 300 min təqaüdçünün olduğunu deyən V.Bayramov   onların 900 min nəfərinin 2006-cı ilə qədər pensiyaya çıxdığını bildirir: “Təqaüdçülərin əksəriyyətinin  pesiyalarının hesablanmasındakı qüsurlar səbəbindən pensiyalarının məbləğində problemlər var”. V.Bayramovun fikrincə, ümumiyyətlə  pensiyaların hesablanması qaydaları qüsurludur: “Orta pensiya məbləğinın 114,  orta aylıq əməkhaqqının isə 340 manat olduğunu nəzərə alsaq orta aylıq əməkhaqqı ilə orta aylıq pensiya arasında kəskin fərq var. Bundan əlavə orta pensiya məbləği real yaşayış minimundan aşağıdır.” 

Mütəxəssis deyir ki, inkişaf etməkdə olan ölkələrdə  orta pensiya məbləği  orta aylıq əməkhaqqıdan ən pis halda 2 dəfə az olur: “Azərbaycanda bu rəqəm 3 dəfədən çoxdur. Deməli, təkcə 2006-cı ilə qədər deyil, bundan sonrakı illərdə də pensiyaların hesablanmasında ciddi problemlər var”.

Ekspert İSİM-in pensiyaların hesablanması istiqamətində ikimərhələli islahatlar təklif etdiyini vurğulayır: “Birinci mərhələdə 2006-cı ilə qədər pensiyaya çıxanların pensiyaları yenidən hesablanmalıdır. Bu zaman iş stajı əsas götürülməlidir. Onların əməkhaqlarının böyük qismi  rublla ödənildiyindən  həmin əməkhaqları manata indeksasiya edilməlidir.  2006-cı ilə qədər pensiyaya çıxanların sayı çox olduğundan bu islahat ikimərhələli həyata keçirilməlidir.  Hesablamalarımıza əsasən, 2006-cı ilə qədər və sonra pensiyaya çıxanların təqaüdlərini eyniləşdirmək üçün il ərzində təxminən 720 milyon manata ehtiyac var. Bu da böyük rəqəmdir”.

V.Bayramov 2006-cı ilə qədər pensiyaya çıxanların təqaüdlərinin yenidən hesablanması prosesinin  illər üzrə həyata keçirilməsini vacib sayır: “Belə halda dövlət büdcəsinə ağırlıq düşməz, həmçinin istehlak bazarında qiymətlərə təsir etməz. İkinci mərhələ 2006-cı ildən sonra pensiyaya çıxanların pensiyalarının yenidən hesablanmasını əhatə etməlidir. Ümumiyyətlə bu mərhələdə . pensiyaların hesablanması qaydaları beynəlxalq  standarlara uyğunlaşdırılmlıdır. İslahatlar nəticəsində orta pensiya məbləği 40 faiz arta bilər”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal