2015-ci il 25 fevral tarixində Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı Ankaranın Kızılcahamam rayonunda Xocalı muzeyi və Xocalı abidəsi açılıb.
Muzeyin yaradılma təşəbbüsü Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən irəli sürülüb.
Bu gün bəzi ölkələr ermənilərin törətdiyi Xocalı soyqırımını qəbul etsə də, bu faktı inkar edənlər, mənfur düşmənin yandaşı olanlar daha çoxdur. Nəzərə alsaq ki, hazırda ölkəmizə axın edən əcnəbilərin sayı çoxdur, Xocalı muzeyinin yaradılması mütləqdir.
Amma Türkiyədə belə muzey fəaliyyət göstərsə də, Azərbaycanda hələ də yoxdur.
Xocalıdan olan deputat Elman Məmmədov Modern.az-a açıqlamasında deyib ki, Azərbaycanda Xocalı muzeyinin yaradılması ilə bağlı dəfələrlə təşəbbüslər irəli sürüb. O, yalnız Xocalı muzeyi deyil, Soyqırımı muzeyinin yaradılmasını da təklif edib:
“Mən dəfələrlə Xocalı muzeyi ilə bağlı təklif irəli sürmüşəm. Yəqin ki, bu, nə vaxtsa həyata keçiriləcək. Ümumilikdə soyqırımı muzeyi yaradılmalıdır və Xocalı da onun tərkib hissəsi olmalıdır. Bildiyiniz kimi, azərbaycanlıların soyqırımı ilə bağlı ulu öndərimizin sərəncamı var. Ermənilər tərəfindən Azərbaycana, millətimizə qarşı törədilən soyqırımlarının sayı az deyil. Buna görə ermənilərin başımıza gətirdiyi bütün müsibətləri özündə əks etdirən soyqırımı muzeyi yaradılmalıdır. Bu, mənim düşüncəmdir. Eyni zamanda Xocalı sakini, soyqırımını yaşayan və itki verən insan kimi də çox istəyərdim ki, ayrıca Xocalı soyqırımına həsr olunmuş muzey yaradılsın”.
Deputatın sözlərinə görə vaxtilə Xocalı muzeyinin yaradılmasına cəhd edilsə də, baş tutmayıb:
“Əhmədlidə Xocalı Xeyriyyə Cəmiyyətinin sədri Vəkil Məmmədov tərəfindən belə bir şeyə cəhd edildi. Lakin biz münasib yer ala bilmədik. Təşəbbüsümüz oldu, amma baş tutmadı. İndi gözləyirik ki, azərbaycanlıların soyqırımına həsr olunmuş muzey və abidə yaradılsın. Bunlar kompleks şəklində Bakı şəhərində olsa, yaxşı olar. Rəsmi ziyarət protokollarına salındığı halda, Azərbaycana gələn rəsmi və qeyri-rəsmi əcnəbi qonaqlar Şəhidlər Xiyabanı kimi, Soyqırımı abidəsini və muzeyini də ziyarət edərlər. Ümumiyyətlə bu, çox vacib məsələdir”.
E.Məmmədov Xocalı muzeyinin yerləşə biləcəyi yer haqqında da fikirlərini bölüşüb:
“Təxminən 20 ildən artıqdır, mənim muzeylə bağlı təşəbbüslərim olub. Hələ millət vəkili olmazdan əvvəl bunu etmişəm. Millət vəkili olduğum dövrdə də Milli Məclisdə və Milli Məclisdən kənarda muzeylə bağlı fikirlər səsləndirmişəm. Bilirsiniz ki, Azərbaycanda Şəhidlər Xiyabanı, türk şəhidliyi var. Həmin o ərazidə Soyqırımı abidəsi və Soyqırımı muzeyi yaradılmasını məqsədəuyğun hesab edirdim. Hətta yerini də qeyd etmişdim. Vaxtilə azərbaycanlılara zülm etmiş Sergey Mironoviç Kirovun heykəli olan yerdə Soyqırımı muzeyi və abidəsi yaradılmalıdır. Şəhidlər Xiyabanına gələn adam Xocalı soyqırımını qəbul etsə də-etməsə də, istər-istəməz oranı da ziyarət etməlidir.
Təəssüf ki, arzularım elə arzu kimi qaldı. Lakin muzeyin yaradılması gözlənilir. Bir il bundan qabaq çıxışım zamanı Milli Məclisin sədri cənab Oqtay Əsədov bildirdi ki, artıq bu barədə ölkə rəhbərliyinin planları var və yaxın vaxtlarda həyata keçiriləcək. Biz də səbrsizliklə gözləyirik”.
Günay RƏSULQIZI