QHT-lər şəffaflıq və hesabatlılıq baxmından belə təşəbbüslərdə qalmaqda maraqlıdır
Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü (Open Government Partnership-OGP) yaradılması ideyası 2011-ci ildə Vaşinqtonda 8 ölkə təmsilçiləri və bir sıra beynəlxalq QHT-ləri tərəfindən irəli sürülüb. Həmin ilin iyulunda Vaşinqtonda ABŞ dövlət katibi Hilları Klinton rəsmən Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünü (AHT) elan edib. AHT-nin missiyası hökumətlərin daha şəffaf, daha hesabatlı, vətəndaşlara münasibətdə daha məsuliyyətli olmasını özündə ehtiva edir. 2011-ci il sentyabr ayında 69 dövlətin imzaladığı "Açıq Hökumət Bəyannaməsi”ndə qeyd edilir ki, bütün dünyada getdikcə xalqlar daha açıq, effektiv, məsuliyyətli və şəffaf idarəetməyə sahib olmaq, vətəndaş iştirakçılığının genişləndiyi, vətəndaşın görəvləndirlidiyi, korrupsiya ilə effektiv mübarizə aparıldığı sistem qurmaq istəyirlər. Bəyannaməni imzalayan ölkələr isə hökumətlərin fəaliyyəti ilə bağlı məlumatlara əlçatanlğın artırılması, idarəetmədə vətəndaş iştirakçılığının genişləndirilməsi, dövlət idarəetməsində yüksək peşə etikasının tətbiqi və hökumətin daha hesabatlı və açıq olması üçün yeni nəsil texnologiyaların tətbiq olunması üzrə öz üzərlərinə öhdəlik götürüblər.
Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşəbbüsünə üzv olmaq niyyətində olan ölkələr üçün 4 meyar üzrə minimum tələb müəyyənləşdirilib. Bunlar fiskal şəffaflıq, məlumatlara əlçatanlıq, dövlət rəsmilərinin gəlir (əmlak) ilə bağlı məlumatların ictimailəşdirilməsi, vətətəndaşların idarəetməyə cəlb olunmasıdır.
Hazırda 75-dək ölkə OGP-yə qoşulmaq üçün minumum tələblərə cavab verir. Təşəbbüsə qoşulan ölkələr bir qayda olaraq iki illik fəaliyyət planı hazırlayır. OGP Rəhbər Komitəsi isə sonradan bu Fəaliyyət Planını monitorinq edir və rəyini açıqlayır. Mövcud tələblərə görə Fəaliyyət Planı koordinasiyaya cavabdeh müvafiq dövlət qurumu tərəfindən də monitorinq olunmalı və nəticələr ictimaiyyət üçün açıqlanmalıdır.
Azərbaycan OGP-də
Azərbaycan 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünə qoşulub. Hökumət o zaman bəyan edirdi ki, təşəbbüsə qoşulmaqda məqsəd ölkədə şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və beynəlxalq səylərə öz töhfəsini verə bilməkdir. İlk illərdə bu istiqamətdə müəyyən addımlar atıldı. Bu sahədə normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi və şəffaflığın artırılması, bu sahədə beynəlxalq öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə 2012-ci ildə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul edildi.
Eyni zamanda Açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi, genişləndirilməsi məqsədilə ötən ilin aprelində “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul olundu. Plan 11 istiqamət üzrə qruplaşdırılmış 58 tədbiri əhatə edir.
Amma ölkədə vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində yaranan problemlər səbəbindən ötən ilin mayında OGP Rəhbər Komitəsi tərəfindən Azərbaycanın statusunun müvəqqəti dondurulması barədə qərar qəbul etdi.
Dövlətin vətəndaş cəmiyyəti ilə məsləhətləşmə mexanizmi
AHT-yə üzv ölkələrdə olduğu kimi Azərbaycanda da hökumətin vətəndaş cəmiyyəti ilə Açıq Hökumət təşəbbüslərinin yayılması istiqamətində məsləhətləşmə mexanizmi yaradılıb. 2016-cı ilin sentyabrında Açıq Hökumətin Təşviqi üzrə hökumətlə vətəndaş cəmiyyəti arasında sıx əməkdaşlığın zəruriliyi və bu prosesdə ictimai iştirakçılığın əhəmiyyətini nəzərə alan bir qrup QHT və dövlət qurumlarının nümayəndələri Memorandum imzalayaraq Açıq Hökumətin Təşviqinə Dair Hökumət -Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının yaradıldığını elan etdilər. Təşəbbüsün Azərbaycanda tətbiqinin genişləndirilməsini önəmli sayan Platforma üzvləri Hökumət-vətəndaş cəmiyyəti dialoqunun bu sahəyə töhfə verməyi qarşıya məqsəd qoyulduğunu vurğuladılar. Platformanın əsas məqsədi AHT Təşəbbüsünün Azərbaycanda tətbiqinin inkişafına dəstək verilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın və açıq hökumət prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi, dövlət orqanları və vətəndaş cəmiyyəti institutlarının səylərinin, fəaliyyətlərinin əlaqələndirilməsidır. Platforma fəaliyyətində şəffaflıq, qərəzsizlik, peşəkarlıq və əməkdaşlığa açıqlıq prinsiplərini əsas tutduğunu bəyan etdi. Əsas fəaliyyət istiqamətlərindən biri kimi informasiya əldə etmək, fiskal şəffaflıq, ictimai iştirakçılıq üzrə Azərbaycan hökuməti və Milli Məclislə əməkdaşlıq etmək və bu məsələlərlə bağlı hökumətin apardığı islahatlar üzrə tövsiyələr vermək idi. Platforma AHT təşəbbüsü çərçivəsində Azərbaycan hökumətinin hazırladığı Fəaliyyət Planının həyata keçirilməsinin monitorinqini aparmaq, bu sahədə vətəndaş cəmiyyətini təmsil etmək, təşəbbüsdə maraqlı olan dövlət orqanları, yerli vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla, özəl sektor təmsilçiləri ilə əməkdaşlıq və məsləhətləşmələr aparmaq və elektron hökuməti təşviq etməyi özünün fəaliyyət istiqaməti kimi élan edib.
“Platformaya Hökumətlə davamlı və səmərəli dialoq imkanı kimi baxmaq lazımdır”
Platformanın koordinatoru Əliməmməd Nuriyev deyir ki, Platformaya üzvlük bu təşəbbüsü dəstəkləyən hər bir vətəndaş cəmiyyəti, parlament və hökumət təmsilçiləri üçün açıqdır: “İlkin olaraq Platformada 31 vətəndaş cəmiyyəti institutunun təmsilçiləri ilə yanaşı, 10 nəfər dövlət qurumu və parlamentin nümayəndələri də təmsil olunurdu. Bu günlərdə isə daha 3 təşkilat Platformaya üzv qəbul edildi. Ötən müddət ərzində Platforma ölkədə vətəndaş cəmiyyəti institutlarının problemlərinin həlli istiqamətində də fəaliyyət göstərib. Hesab edirik ki, ölkədə vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətinə dair hüquqi mühitin təkmilləşdirilməsinə və bu qurumların fəaliyyəti üzrə praktiki çətinliklərin aradan qaldırılmasına, dövlət orqanlarının fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılmasına, habelə idarəetmədə ictimai iştirakçılığın və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsinə Platforma çərçivəsində hökumətlə uğurlu nəticələrə nail ola biləcəyik. Bu Platforma üzrə səmərəli və pozitiv dialoq prosesində mandatları çərçivəsində ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlar və diplomatik missiyaların iştirakına ümid edirik. Bir daha bildiririk ki, Platformaya üzvlük açıqdır və onun fəaliyyəti demokratik prinsiplərə əsaslanır. Platforma məqsədləri və fəaliyyət istiqamətləri ilə uyğunluq təşkil edən bütün yerli və beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır. Xüsusi qeyd etmək lazımdır ki, Platforma Açıq Hökumət yaranan zaman prinsipləri əsas götürülüb”.
Ə.Nuriyevin sözlərinə görə, Platformaya hökumətlə davamlı və səmərəli dialoq imkanı kimi baxmaq lazımdır: “QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə üzvlərin təklifləri ümumiləşdirilərək müvafiq dövlət qurumlarına təqdim edilib. Platformanın 2016-cı il 3 oktyabr tarixli toplantısının yekunu ilə bağlı təqdim edilmiş təkliflər paketi Hökumət tərəfindən nəzərdən keçirilib. Hökumət tərəfindən QHT-lər üçün əlverişli şəraitin təkmilləşdirilməsi məqsədi ilə vətəndaş cəmiyyəti təsisatları ilə dialoq formatında daimi müzakirələr aparılıb və bununla bağlı konkret addımlar atılıb.
Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi və fəaliyyətlərinin dəstəklənməsi, xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunun asanlaşdırılması məqsədilə “bir pəncərə” prinsipinin tətbiqi barədə Azərbaycan Prezidenti tərəfindən Fərman imzalanıb.
Eyni zamanda Platformanın təklifləri Nazirlər Kabinetinin 11 yanvar 2017-ci il tarixli “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması” və 24 yanvar 2017-ci il tarixli “Xarici donorlar tərəfindən Azərbaycan Respublikası ərazisində qrant vermək hüququnun əldə edilməsi” Qaydalarında dəyişikliklər edilməsi barədə qərarlarında nəzərə alınıb. Bu qərarlar qrant müqavilələrinin qeydiyyatına süni maneələr və bürokratiya yarada bilən bir çox tələbləri ləğv edir və qeydiyyat prosedurunu asanlaşdırır. Təqdim olunacaq sənədlərin dairəsi xeyli dərəcədə azaldılır.
Platforma QHT-lərin banklarla yaranan problemlərinin müzakirəsi və həllində fəal iştirak etdi və vətəndaş cəmiyyətini narahat edən məsələlərlə bağlı təşəbbüslər davam etdiriləcək. Platformanın növbəti görüşünün Vergilər Nazirliyinin rəhbərliyi ilə keçiriləcəyi nəzərdə tutulur. Mayın ikinci yarısında AHT Təşəbbüsü Beynəlxalq Təşkilatının İdarə Heyəti üzvləri Bakıya səfər edəcək və bir sıra müzakirələr aparılacaq”.
Bütün təşkilatların iştirakçılığı təmin olunduqda Platforma daha effektiv işləyə bilər
İqtisadçı Rövşən Ağayev isə deyir ki, istənilən halda Platformanın yaranması müsbər addımdır: “Ən azından heç olmamaqdansa, bir dialoq platformasının olması daha məqbuldur. İkinci müsbət tərəf odur ki, ən azından hakimiyyət açıq hökumətin vacibliyini və bu prosesdə vətəndaş cəmiyyəti institutlarının iştirakçılığını qəbul edir. Təşəbbüsə üzv ölkələrin təcrübəsinə baxanda arzu olunan o idi ki, Platformanın formalaşmasından öncə vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti üçün əlverişli mühit olsun. Amma 2013-cü ildən etibarən respublikamızda mühit vətəndaş cəmiyyəti institutlarının durumu pisləşdi. Bununla da insanların vətəndaş cəmiyyəti institutları vasitəsi ilə təmərküzləşmək hüquqları kifayət qədər məhdudlaşdı. Onların şəffaflıq və açıqlılığı özünün mandatı sayan bir Platformada birləşməsinə maneələr yarandı. Nəticədə əksər QHT-lərin bu kimi platformalarda bərabər şəkildə iştirakına problemlər yarandı. Platformanın “qapıları” vətəndaş cəmiyyəti institutlarının üzünə açıq olsa da, əksər təşkilatların o qapıdan keçməyə taqəti qalmayıb. Bu mənada mən düşünürəm ki, əgər ən azı 2014-cü ildəki status-kvo bərpa olunarsa, o zaman bu platformanın da fəaliyyətində təşkilatlar tam şəkildə iştirak edə bilər. Baxmayaraq ki, həmin dövrdəki vəziyyəti də biz tənqid edirdik, amma indi elə durum yaranıb ki, həmin dövrə qayıtmağın özü belə müsbət addım olardı. Bütün təşkilatların iştirakçılığı təmin olunduqda isə, platformanın daha effektiv işləyəcəyindən danışmaq olacaq”.
R.Ağayevin sözlərinə görə, hazırda ölkədə hökumət və vətəndaş cəmiyyəti institutlarının münasibətində balans pozulub: “Vətəndaş cəmiyyəti zəif bir duruma salınıb. Düşünürəm ki, hökumət ölkənin mənafeyindən çıxış edərək özündə güc tapıb, fərqli mövqelərdə olan vətəndaş cəmityəti institutları ilə dəyirmi masa arxasında oturub müzakirələrlə problemlərin həllinə çalışmalıdır. Həmçinin, hökumətin vətəndaş cəmiyyəti institutlarına mövqeyi dəyişməlidir. Cəza mexanizmi bütün sektora yox, qanunu pozanlara fərdi qaydada tətbiq edilməlidir. Ən azından 2014-cü ildəki vəziyyətə qayıtmalıyıq. Bu beynəlxalq təşkilatlar tərəfindən də, vətəndaş cəmiyyəti institutları tərəfindən də müsbət qarşılanar”.
Hökumət vətəndaş cəmiyyəti institutlarını onların fəaliyyətini təbliğ edən bir qurum kimi görmək istəyir
İqtisadçı Azər Mehtiyev də o qənaətdədir ki, AHT Təşəbbüsü ilə bağlı ölkənin statusunun aşağı salınması məsələsində vətəndaş cəmiyyəti institutlarının durumu nəzərə alınıb: “Amma MHŞT koalisiyasından fərqli olaraq Platformanın qarşısında vətəndaş cəmiyyəti institutlarının problemlərinin həlli ilə bağlı konkret tələblər yoxdur. Amma Platformanın fəaliyyəti dövründə də problemlərin həlli istiqamətində fundamental dəyişikliklər olmayıb və yaxın zamanlarda edilməsi də gözlənilmir. Bu mənada Platformanın yaradılması vətəndaş cəmiyyəti institutlarının problemlərinin həllində ciddi dəyişikliklərə gətirib çıxarmayıb”.
A.Mehtiyevin qənaətinə görə, AHT Təşəbbüsündə vətəndaş cəmiyyətinin iştirakı ən müxtəlif prizmalardan izah olunur: “Hökumət məsələyə fərqli bir rakusdan, bəzi QHT təmsilçiləri bir rakusdan yanaşır. Hökumət vətəndaş cəmiyyəti institutlarını onların fəaliyyətini təbliğ edən bir qurum kimi görmək istəyir. Vətəndaş cəmiyyəti institutlarının bəzi təmsilçiləri də öz mandatlarından kənara çıxaraq məsələni siyasi proseslər müstəvisinə çıxarırlar. Bu da ondan irəli gəlir ki, normal siyasi fəaliyyətlə məşğul olmağa şərait olmadığından həmin insanlar bu sektorda da fəaliyyət göstərmək istəyirlər. Ən mühüm məsələlərdən biri də insan hüquqları məsələsi ilə bağlıdır. Klassik yanaşma ondan ibarətdir ki, vətəndaş cəmiyyəti institutları həm də insan hüquqları ilə məşğul olan institutlardan biridir. Bu baxımdan vətəndaş cəmiyyətinin bu məsələdə yeri və rolu ilə bağlı dəqiqliyin olmaması, hökumətlə müstəqil vətəndaş cəmiyyəti institutları arasında ən ciddi problemlərdən biri olaraq qalır. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına mane olan amillər də bu qəbildəndir və Azərbaycanın AHT təşəbbüsü kimi beynəlxalq təşəbbüslərdəki fəaliyyətində problemlər bundan qaynaqlanır”.
Azərbaycanın Acıq Hökumət Tərəfdaşlığı təşəbbüsündə fəaliyyətinə gəldikdə Rövşən Ağayev deyir ki, Azərbaycanın statusu ilə bağlı məsələnin müzakirəsi zamanı ölkə qarşısında iki fundamental məsələ qoyulub: “Bunlardan biri Azərbaycanda açıq hökumətlə bağlı fəaliyyət planının qəbul edilməməsi ilə bağı idi. Fəaliyyət planı 2016-cı ilin yanvarınadək qəbul edilməli olsa da, işçi qrupu məsələ ilə bağlı Rəhbər Komitəyə tövsiyyə hazırlayanda təsdiq edilməmişdi. İkinci məsələ isə Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyəti üçün normal şərait yaradılmaması ilə bağlı idi. Azərbaycanla bağlı qərar veriləndən 1 həftə öncə fəaliyyət planı təsdiq olunsa da, vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı problem isə həllini tapmayıb. Düzdür, hazırda hökumət qrantların qeydiyyatı və xarici donorların Azərbaycanda fəaliyyəti ilə bağlı müəyyən addımların atıldığını deyir. Amma problemin həlli fundamental olaraq dəyişməyib. Donorlar ölkədə əvvəlki illərdə olduğu kimi fəaliyyət göstərə bilmir. Qrantların qeydiyyatı üçün məqsədəuyğunluğun vahid pəncərəyə müraciət etməklə həll edilməsi variantı sadələşdirmə kimi qələmə verilsə də, bu problemin həlli deyil. Azərbaycnın bu platformadan kənarlaşdırılması vətəndaş cəmiyyəti institutlarının mənafeyinə ziddir. Hökumətin daha çox beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığa üstünlük versə də, QHT-lər şəffaflıq və hesabatlılıq baxmından belə təşəbbüslərdə qalmaqda maraqlıdır. Beynəlxalq qurumlar da bunu nəzərə alaraq ölkəni islahatlara sövq etməyə üstünlük verilməlidir. MHŞT-də olduğu kimi ölkənin təşəbbüsdən kənarlaşdırılması yox, hamını qane edən bir qızıl ortanın tapılması variantına üstünlük verilməlidir. Bu isə qeyri-aktiv status qalmaqla və ya statusun bərpa olunması ilə hökumətə tələbləri yerinə yetirmək üçün daha bir il vaxt verilməsi ola bilər”.
Məqalə Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata keçirilən “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı çərçivəsində hazırlanıb.
Xalid VAHİDOĞLU