Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.
Ərəb ölkələrində, xüsusilə də Liviyada baş verən prosesləri müzakirə edən BAXCP İdarə Heyəti Azərbaycanın bu prosesdə çevik xarici siyasət yürütməsini mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bununla bağlı qəbul olunan bəyanatda deyilir: "BAXCP bəyan edir ki, Azərbaycan ölkənin milli maraqlarından çıxış edərək, xarici siyasətində çevik olmalı, Liviya Milli Şurasını Liviyanın qanuni hökuməti kimi tanımalı və ona yardım etməlidir. Bunun zəruri edən əsas amillər sırasında BMT Təhlükəsizlik Şurasının qərarı ilə həmin ölkədə hərbi əməliyyatların keçirilməsi və ATƏT-in Minsk qrupunun həmsədrləri kimi Fransa və ABŞ-ın bu əməliyyatlarda iştirakı, eləcə də digər həmsədr ölkənin - Rusiyanın da bu prosesə qarşı olmamasıdır".
BAXCP belə bir addımın atılmasını Liviyanı dağıdan vətəndaş müharibəsinə son qoyulması üçün əhəmiyyətli töhfə olacağını bildirib. Partiya hesab edir ki, Fransanın müvafiq addımından sonra Liviya Milli Şurasının Azərbaycan tərəfindən Liviyanın legitim hökuməti kimi tanınması ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına zəmin yarada bilər: "İşğal olunmuş ərazilərinin azad olunması üçün BMT Təhlükəsizlik Şurasının qərarlarının icrasını gözləyən Azərbaycan üçün bu, layiqli bir addım olardı".
BAXCP İdarə Heyətinin müzakirə etdiyi digər məsələ ölkədə kiçik və orta biznesin, eləcə də bank sektorunun inkişafı ilə bağlı olub. BAXCP İdarə Heyətinin qənaətinə görə, Azərbaycanın enerji resurslarının ixracından əldə olunan gəlirlərin ayrı-ayrı xarici banklarda saxlanılması, yerli sahibkarların yüksək fəizlərlə kreditlər əldə etməsinə zəmin yaradır: "BAXCP hesab edir ki, parlamentə təqdim olunmuş "Heft Fondu haqqında" qanun layihəsinə müvafiq əlavə və dəyişikliklər edilməli və qanunda "Heft Fonduna daxil olan vəsaitlərin ən azı 10 faizinin Azərbaycan banklarında saxlanılması" barədə müddəa yer almalıdır".
***
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) rəhbərliyinə daxil olan şəxslər aprelin 24-də Bakının və Azərbaycanın digər ərazilərinin erməni hərbi birləşmələrindən azad edilməsi zamanı həlak olan türk əsgər və zabitlərinin xatirəsinə ucaldılmış adibədi ziyarət ediblər.
Modern.az