Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 25-də cari tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsli müəssisələrinə ərizə qəbulunun aparılması ilə bağlı Sənəd Qəbulu Komissiyaları (SQK) ilə seminar-məşğələ keçirib.
Seminarda TQDK-nın inzibati binasından Komissiyanın Naxçıvan, Gəncə, Lənkəran, Quba və Şəki regional bölmələri ilə canlı videobağlantı qurulmuş və Respublikanın bütün bölgələrində yaradılmış SQK nümayəndələri tədbirdə iştirak ediblər.
Seminar-məşğələni giriş sözü ilə açan Komissiyanın Təşkilat şöbəsinin müdiri Arzu Bağırov cari ildə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlərin aprelin 20-dən mayın 31-dək internet vasitəsilə elektron ərizə dolduracaqlarını və tələb olunan sənədləri aprelin 27-dən mayın 31-dək müvafiq SQK-ya təqdim etməklə həmin ərizələrini təsdiq etdirəcəklərini xatırladıb. Bununla əlaqədar olaraq SQK üzvlərinin üzərlərinə düşən vəzifələri xatırladan A.Bağırov abituriyentlərin rahat şəkildə ərizələrini təsdiq etdirmələri üçün lazımi şəraitin yaradılmısının vacibliyini qeyd edib.
A.Bağırov ərizə qəbulu ilə bağlı bütün məlumatların “Abituriyent” jurnalının 2-ci sayında dərc olunduğunu, Komissiyanın internet saytında yerləşdirildiyini, həmçinin Kütləvi İnformasiya Vasitələrində bu proseslə bağlı müntəzəm çıxışlar ediləcəyini bildirməklə yanaşı, SQK nümayəndələrinin də gənclərin maarifləndirilməsi istiqamətində çalışmalı olduqlarını deyib: “Bütün SQK-larda qəbul elanları və qaydaları lövhələrdə yerləşdirilməlidir ki, bizim jurnalı əldə edə bilməyən və ya internetə çıxış imkanı məhdud olan gənclər sənəd qəbulu ilə bağlı məlumatlarla tanış olsunlar. Onlara operativ və düzgün informasiya verilməli, çətinlik çəkdikləri məsələlər izah olunmalıdır”.
Daha sonra çıxış edən TQDK-nın sektor müdirləri Hidayət Zeynalov və İlqar Allahverdiyev SQK-larda abituriyent ərizələrinin təsdiqi zamanı sənədləşmə işlərinin aparılması qaydaları, “elektron ərizə” qəbulu sisteminin proqram təminatı barədə ətraflı məlumat veriblər. Tədbirin sonunda həm Bakı şəhərində həm də bölgələrdən olan SQK nümayəndələrinin sualları cavablandırılıb.
Qeyd edək ki, abituriyentlərin “Elektron ərizə”lərini təsdiq etdirmələrinə şərait yaratmaq məqsədilə respublika üzrə 127 SQK fəaliyyət göstərəcək.
Modern.az