Modern.az

İslamiadanın qızıl medalçıları: “Azərbaycan bayrağını dalğalandırmaq şərəfdir”

İslamiadanın qızıl medalçıları: “Azərbaycan bayrağını dalğalandırmaq şərəfdir”

Aktual

16 May 2017, 14:21

Bakıda İslam Həmrəylik Oyunları davam edir. Atıcılıq, karate, gimnastika, futbol, həndbol, üzgüçülük,voleybol, boks, cüdo yarışlarından sonra Azərbaycanın aktivinə 70 medal yazılıb. Bu göstərici ilə cədvəl sıralamasında ikinci yerdə qərarlaşan millimizi Türkiyə komandası 90 medalla qabaqlayır. Bu gün isə atletika və taekvando idman növləri üzrə yarışlara start verilib.

 


Modern.az
qızıl medal qazanan idmançılarla əlaqə saxlayaıb.

 

 

 

 

 

İslam həmrəylik oyunlarının paracüdo üzrə qalibi Ramil Qasımov qələbəsini ikiqat sevinclə qarşıladığını vurğulayıb:

“Ötən il Rio-de-Janeyroda keçirilən olimpiya oyunlarında qızıl medalın sahibi oldum. Növbəti dəfə belə bir irimiqyaslı çempionatda birinci yeri qazanmaq mənim üçün ikiqat sevindirici haldır. Xalqımız öz dəstəyini əsirgəmədi. Şükürlər olsun, biz də qələbəyə nail olduq. Bayrağımızı dalğalandırdıq, himnimizi səsləndirdik”.

Uzun müddətdir bu oyunlara hazırlaşdığını qeyd edən İslamiadanın qalibi, növbəti hədəfinin Avropa çempionatı olduğunu deyib:

“Qarşıda bizi Avropa çempionatı gözləyir. Ümid edirəm ki,uğurlu seriyamı orada davam etdirəcəyəm. Daha sonra 2018-ci ildə dünya çempionatı keçiriləcək. Yekun hədəfim isə 2020 Tokio olimpiadasıdır. Qismət olsa, Barzilyada göstərdiyim nəticəni orada da təkrarlamaq istəyirəm”.

 

Karate üzrəİslamiadanın qalibi, 18 yaşlı Roman Heydərov qələbənin çətin başa gəldiyini bildirib:

“Doğma vətəndə İslam oyunlarının qalibi adını almaq çox sevindiricidir. Yarışdan öncə, qalib olmaq mənə çətin görünürdü. Bəlkə də bu yaşımla bağlı idi. Ancaq öhdəsindəndən gələ bildim. Bakıda himnimizi səsləndirdim. Buna görə çox şadam”.

Gərgin məşqlər nəticəsində qızıl medalı komandanın aktivinə qazandıran gənc katmen, məşqçisinin əziyyətini xüsusi qeyd edib:

“Avqust ayından etibarən bu yarışa hazırlaşırdıq. Hər gün məşq edirdim. Təbii ki bu medalı əldə etməyimdə əməkdar məşqçi Vahid Ayvazovun rolu böyükdür. Mənim üzərimdə çox əməyi var. Çox çalışdıq və şükürlər olsun birinci yer oldum”.

Bir həftə öncə Türkiyənin Kocaeli şəhərində keçirilən 52-ci Avropa çempionatında bürünc medal qazanan karateçi, növbəti hədəflərindən də bəhs edib:

“Bir il bundan öncə, hələ 17 yaşımda ikən Fransada keçirilən Avropa çempionatında böyüklər arasında mübarizəyə qoşuldum və bürünc mükafat qazandım. Yaşımla əlaqəli olaraq bu nəticəni hər kəs təəccüblə qarşıladı. Çünki həmin yarışda olan iştirakçılar usta karateçilər idi. Lakin göstərdiyim nəticənin təsadüf olmadığını ötən həftə Kocaeli şəhərində keçirilən Avropa çempionatında bir daha sübut etdim. Noyabr ayında gənclər arasında dünya çempionatı keçiriləcək. Növbəti hədəfim bu yarışdır. Əsas məqsədim isə “Tokio-2020” yay olimpiya oyunlarıdır. Bildiyiniz kimi artıq karate olimpiya idman növlərinə daxil olunub. Bu yarışa lisenziya qazanmaq bir qədər çətindir. Lakin əsas hədəfim orada iştirak etməkdir”.

 

Daha bir qızıl medalçımız Elxan Məmmədov kariyerasının ən yaxşı dövrünü keçirdiyini deyib:

“Təzəcə Avropa çempionu oldum. Ardınca İslam oyunlarının qalibi. Avropada və indi də vətənimizdə Azərbaycan bayrağını dalğalandırmaq şərəfdir. Bu nəticələrdən sonra deyə bilərəm ki, bu mənim kariyeramın ən gözəl dövrüdür. Buna görə çox xoşbəxtəm”.

Dünya və Avropa çempionu, İslam oyunlarında komanda yarışlarında da maksimal nəticə göstərdiklərini vurğulayıb:

“Federasiya rəhbərliyi “Rio -2016”-dan sonra keçirilən iclasda növbəti əsas hədəfin İslam həmrəyliyi oyunları olduğunu bildirdi. Olimpiadadan bir ay sonra təlim məşqləri başlandı. Həmin vaxtdan indiyə kimi müxtəlif turnirlər, qran-pri yarışlarında çıxışlarımız uğurlu alındı. Bunun nəticəsi olaraq, İslam oyunlarında maksimum nəticə göstərdik. Cüdo üzrə çıxış edən 7 idmançıdan 5-i qızıl medal qazandı. Yerdə qalan 2 nəfər gümüş medala yiyələndi. Komanda yarışlarında da birinci olduq”.

 

Fərdi yarışda qızıl medal qazanan cüdoçumuz Nicat Şıxəlizadə, komanda yarışlarında aldıqları qələbəyə görə qürur hissi keçirdiyini bildirib:

“Fərdi yarışlarda 66 kq çəki dərəcəsində mübarizə aparırdım. Bu yarışa çox ciddi şəkildə hazırlıq gördüm. Təkcə Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də təlim məşq toplanışlarımız oldu. İslam oyunları Azərbaycanda, doğma divarlar arasında keçirildiyinə görə üzərimdə daha çox məsuliyyət hissi duyurdum. Əlbəttə, öz vətənimdə məğlub olmaq istəməzdim. Çox şükür bu mərhələni keçdim və qalib oldum. Bir gün sonra komanda yarışları başladı. İlk görüşümüz Qırğızıstan komandası ilə oldu. Daha sonra Türkiyə cüdoçularını məğlub etdik. Yarımfinal mərhələsində Özbəkistanla görüşdən qalib ayrıldıq və finala vəsiqə qazandıq. Finalda  Əl-Cəzair millisi ilə görüş gərgin şəraitdə keçsə də, komanda yarışlarının qalibi olduq. Bu baxımdan çox sevincliyəm”.

 28 yaşlı idmançı dəstəyə görə hər kəsə minnətdar olduğunu qeyd edib:

“Çox sevindirici haldır ki, medalı ölkə başçısı şəxsən təqdim etdi. Bu da bizdə daha çox ruh yüksəkliyi yaratdı. Eyni zamanda bizi tək qoymayan və dəstək olan  tamaşaçılara dərin təşəkkürümü bildirirəm”.

 

Məcid Əmirov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...