Modern.az

Şəhid İlqar Məmmədovun xatirəsinə abidə-bulaq kompleksi açılıb

Şəhid İlqar Məmmədovun xatirəsinə abidə-bulaq kompleksi açılıb

Aktual

16 May 2017, 14:45

İsmayıllıda Qarabağ müharibəsi şəhidlərinin xatirəsini bu və ya digər formada əbədiləşdirmək ənənəsi davam edir. Rayon ərazisində dəfn olunan bütün şəhidlərin məzarları onların pak ruhlarına dərin ehtiram səviyyəsində düzəldilib. Rayonun İstisu kəndində və İsmayıllı şəhərinin Rəşid Mahmudov küçəsində abidə-bulaq kompleksləri ucaldılıb.

 

Modern.az xəbər verir ki, Kürdmaşı kəndində şəhid İlqar Məmmədovun xatirəsinə döyüş yoldaşlarının təşəbbüsü və Kürdmaşı İnzibati ərazi dairəsinin təşkilatçılığı ilə yeni xatirə-bulaq kompleksi tikilib. Burada İlqar Məmmədovun barelyefi, Azərbaycan xəritəsi, işğal olunmuş rayonların tarixləri əks olunub. Nəfis şəkildə tərtib olunmuş abidə-bulağa su çəkilib, ətrafı abadlaşdırılıb.

 

Mayın 15-də şəhid İlqar Məmmədovun doğum günündə xatirə abidəsinin açılışına həsr olunmuş mərasim keçirilib. Tədbiri Kürdmaşı İnzibati ərazi dairəsi üzrə nümayəndə Çingiz Əliyev açıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Şəhidin döyüş yoldaşı, abidə-bulağın əsas təşəbbüskarı Rafiq Qarayev çıxış edərək İ.Məmmədovun döyüş yolundan, vətənə vurğunluğundan danışıb. Qeyd edib ki, bu gün də keçmiş döyüşçülər yenidən ön cəbhəyə getməyə hazırdılar.

Kənd Ağsaqqallar Şurasının sədri Yunus Məmmədov, şəhidin qardaşı Arzu Məmmədov İ.Məmmədovun döyüş yoldaşlarına dərindən minnətdarlıq ediblər.

 

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov şəhidin təşəbbüskar döyüş yoldaşlarına təşəkkür edib. Bildirib ki, onlar bununla deyirlər ki, biz Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə həmişə hazırıq. Qarabağ uğrunda 144 İsmayıllı gənci şəhid olub. Aprel döyüşlərində fəal iştirak edən həmyerlilərimiz (onlardan şəhid olan, yaralanan da vardı) Vətəni müdafiəyə hazır olduqlarını bildiriblər.

 

Mərasimdə məktəblilər döyüş ruhlu mahnı və şeirlər ifa ediblər.

 

Sonda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Rafiq Qarayev şəhidin döyüş yoldaşları ilə birgə abidə-bulağın açılışını ediblər.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...