Məhkəmə bir sıra xəbər saytlarına girişin məhdudlaşdırılması barədə hökm çıxarıb.
Girişi məhdudlaşdırılan saytlar arasında “Azadlıq” qəzetinin internet səhifəsi də (azadliq.info) var.
“Azadlıq” bundan sonrakı fəaliyyətini necə quracaq? Qəzetin yenidən dərc olunma ehtimalı varmı?
“Azadlıq” qəzetin redaktoru Rövşən Hacıbəyli Modern.az-a açıqlamasında bildirib ki, hələki sayt əvvəlki qaydada fəaliyyətini davam etdirir:
“İşlərimiz davam edir. Şübhəsiz ki, saytın vəziyyəti ilə bağlı vəkillər şikayət hazırlayıb Apellyasiya Məhkəməsinə təqdim edəcəklər. Tam qərar qüvvəyə minəndən sonra biz öz addımlarımızı müəyyənləşdirəcəyik. Amma indi hər şey əvvəlki qaydadır”.
Rövşən Hacıbəylinin sözlərinə görə fəaliyyət davam etsə də, əməkdaşların sayı azalıb:
“Əməkdaşlarımızın sayı eyni qalmayıb. Hazırda elə də çox deyillər. Bundan sonrakı fəaliyyətimiz bizə qarşı atılacaq addımlardan asılıdır. Çalışacağıq ki, saytın işi dayanmasın və internetin imkanlarından yararlanıb fəaliyyətimizi davam etdirək. Oxucuları yenə informasiyalarla təmin edək”.
Redaktor “Azadlıq” qəzetinin bərpasının mümkün olduğunu da vurğulayıb:
““Azadlıq” qəzetinin yenidən bərpası həmişə gündəmdədir. Sadəcə rəsmiyyətlə bağlı bəzi problemlər var. Onlar həllini tapmalıdır. Bank hesabımız bağlı olduğu üçün ondan istifadə edə bilmirik. Eyni zamanda “Qasid” yayım firmasının bizə 70 min manata yaxın borcu hələ də qalır.
Bilirsiniz ki, qəzet istehsal etmək üçün maliyyə vəsaiti lazımdır. Hazırda belə vəsaitimiz yoxdur. Əgər bu problemlər öz həllini tapsa, dərhal qəzetin fəaliyyətini bərpa edəcəyik”.
Qeyd edək ki, girişi məhdudlaşdırılan saytlar arasında “Azadlıq” radiosu, “Meydan” TV, “Turan” telekanalı və “Azərbaycan saatı” proqramının internet səhifəsi də var.
Günay RƏSULQIZI