2010-cu ildə Milli Elmlər Akademiyasının elmi müəssisələrində 463 mövzu üzrə 139 problemə dair tədqiqatlar aparılıb və 150-yə yaxın əsas elmi nəticə alınıb. Modern.az saytının məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov AMEA-nın aprelin 26-da keçirilən ümumi yığıncağında məlumat verib.
M.Kərimov bildirib ki, hesabat ilində Azərbaycan Milli Elmlər Akademiyasının müəssisələri 62 elmi-tədqiqat işinin nəticələrini tətbiq etmək üçün tədqiqat həyata keçirib və istehsalatda tətbiq edib.
AMEA-nın elmi müəssisələri tərəfindən 2010-cu ildə Azərbaycanın 42 və xarici ölkələrin 5 patenti alınıb.
Akademiyanın alimləri tərəfindən hesabat ilində 457 kitab və monoqrafiya nəşr olunub. Onlardan 53-ü xaricdə nəşr edilib.
M.Kərimov deyib ki, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının tərkibi 56 həqiqi üzv, 109 müxbir üzv olmaqla 165 üzvdən ibarətdir.
Akademiyada çalışan alimlərin 545 nəfəri elmlər doktoru, 2116 nəfəri isə fəlsəfə doktorudur.
2010-cu ildə akademiyada doktoranturanı 174 nəfər bitirib.
Hesabat ilində 27 elmlər doktoru və 121 fəlsəfə doktoru üzrə dissertasiya müdafiə olunub.
AMEA-da dissertantura və doktorantura yolu ilə 500-dək xarici vətəndaş yüksəkixtisaslı kadr olaraq hazırlanır.
Modern.az