Region gəncləri Azərbaycan tarixi ilə bağlı maarifləndirilib. Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyinin sədr müavini Anar Məhərrəmovun Modern.az-a verdiyi məlumata görə, Qəbələ, Oğuz və Şəkidə maarifləndirmə xarakterli tədbirlər keçirilib. Tədbirlər Qəbələ Regional Gənclərin Resurs Mərkəzinin həyata keçirdiyi "Region gəncləri arasında Azərbaycan tarixi mövzusunda olimpiadalar və intellektual oyunlar" layihəsi çərçivəsində baş tutub. Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə reallaşdırılan tədbirlərdə iştirakçılara tariximizi öyrənmənin əhəmiyyəti, gənclərin şüurunda vətənə sədaqət, azərbaycançılıq məfkurəsinin bərqərar edilməsi ilə bağlı məlumat verilib. Azərbaycanın dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğu, tarix boyu yadellilərə qarşı mübarizəsi, müstəqillik uğrunda xalqımızın mübarizəsi ilə bağlı gənclər məlumatlandırılıb. Həmçinin, iştirakçılara müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin müdrik siyasəti, Azərbaycanın regionda lider ölkə olması, Heydər Əliyev fondunun tarixi abidələrimizin, milli mədəniyətimizin dünyada təbliği və qorunmasına qayğısı, gənclər arasında vətənpərvərlik və vətəndaşlıq hisslərinin artırılması, gənclər arasında milli mənlik şüurunun formalaşdırılması haqqında geniş məlumat verilib. Daha sonra Azərbaycan tarixi mövzusunda intellektual oyunlar təşkil edilib, qaliblər qiymətli hədiyyələr və diplomlarla təltif olunublar.
Modern.az