Modern.az

Sahibkarlıq subyektlərindəki yoxlamaların dayandırılması keyfiyyətsiz dondurma istehsalını artırıb-İTTİHAM

Sahibkarlıq subyektlərindəki yoxlamaların dayandırılması keyfiyyətsiz dondurma istehsalını artırıb-İTTİHAM

Aktual

21 May 2017, 14:34

Havalar isindikcə mövsümün ənənəvi qidası-dondurmalara tələbat da artmağa başlayır. Yayın vazkeçilməz dadı olan dondurmanın tərkibində protein, karbohidrat, yağ kimi maddələrlə birlikdə A, D, E, C, və B qrupu vitaminlər, həmçinin maqnezium, fosfor, sodium, potasium, dəmir və sink kimi minerallar daxildir. Südlü dondurmalar 1 ay, meyvəli-giləmeyvəli, qaymaqlı və ətirli dondurmalar 1,5 ay, plombir dondurması 2 ay saxlanıla bilər. İstehsalında müasir texnologiyadan istifadə edildikdə, eləcə də məhsulun saxlama müddətinin artırılmasına zəmanət verən konservantlar, stabilizator-emulqatorlar və digər qida əlavələri standartlara uyğun olaraq əlavə edildikdə südlü, qaymaqlı və plombir dondurmaları mənfi 18 dərəcədən yüksək olmayan temperaturda ən çoxu 10 ay saxlanıla bilər. Saxlanma temperaturunun stabilliyi dondurmanın keyfiyyətini təmin edən əsas şərtlərdən biridir. Saxlanma temperaturunda dəyişikliklər olduqda bu məhsullarda mikrobioloji proseslər başlayır və bu cür məhsulların istehlakı insan orqanizmi üçün təhlükə mənbəyi hesab olunur.

 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov elə bu səbəbdən Modern.az vasitəsilə istehlakçıları diqqətli olmağa çağırıb:

“Bu gün yediyimiz dondurmaların əksəriyyəti boğazda acılıq  hissi yaradır. Bu o deməkdir ki, dondurmanın tərkibinə kərə yağı əvəzinə bitki, heyvan mənşəli yağlar yaxud da marqarin qarışdırılıb. İstehlakçılar dondurma seçərkən diqqətli olmalıdır. Dondurma süd məhsuludur. Mövcud standartlara görə, bitki yağının dondurmaya qarışdırılması qadağandır. Dondurmanın yağlılığını artırmaq üçün ona yalnız kərə yağı qatıla bilər. Bizdə isə dondurmanın tərkibində kərə yağından başqa nə desəniz tapmaq olar. İstehlakçılar dondurma alarkən onun bükülməsinə diqqət etsinlər. Əgər onun bükülmə görünüşü dəyişibsə, bu o deməkdir ki, onun daşınması zamanı temperatur dəyişikliyinə məruz qalıb və yenidən dondurulub. Bu cür dondurmalar qida üçün təhlükəli hesab olunur”.

Hüquq müdafiəçisi Azərbaycanda yalnız bir dondurma istehsalının standartlara cavab verdiyini deyir:

 

“Azad İstehlakçılar Birliyinə mövsüm başlayandan dondurmalarla bağlı az müraciət daxil olub. Qeyd edim ki, 2011-ci ildə ABŞ İnkişaf Agentliyinin tövsiyəsilə n qida təhlükəsizliyi nişanı təsis edildi. Bu nişan Azərbaycanda olan 40-a yaxın dondurma istehsalçıları arasında yalnız birinə şamil olundu. Yəni Azərbaycanda standartlara uyğun dondurma istehsal edən bir müəssisə var. Bu müəssisə "İceland"dır". Digər dondurmalarla bağlı konkret müraciət olduqda onların adlarını açıqlayacam”.

E.Hüseynovun sözlərinə görə bu il dondurma bazarında vəziyyət daha da aşağı olacaq:

“Düşünürəm ki, bu sahədəki işbazlar da biznes qurumları üçün yoxlamaların dayandırılmasından maksimum istifadə edəcəklər. Ona görə də istehlakçıları diqqətli olmağa səsləyirəm”.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım