“Nida” Vətəndaş Hərəkatı, “Azad gənclik” və “10 dekabr” gənclər təşkilatları “Facebook” sosial şəbəkəsində elan edilən 30 aprel terror qurbanlarını anım aksiyası ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilir ki, bir qrup gənc aprelin 30-da saat 14-də paytaxtda, Cəfər Cabbarlının heykəli ətrafında toplaşıb terror qurbanlarının xatirəsini anacaq. Tədbir vaxtı hər hansı şüar səsləndirilməyəcək və mitinq keçirilməyəcək.
Bəyanatda deyilir ki, anım tədbirini şüarlar və ya başqa vasitələrlə hər hansı aksiyaya çevirmək cəhdini təşkilatçılar təxribat kimi dəyərləndirəcək və bu hallara görə onlar məsuliyyət daşımayacaq: “Məqsədimiz gənclərimizin həmrəyliyi ilə həmyaşıdlarımızın faciəsinə vətəndaşlarımızın biganə olmadığını göstərmək və hər birimizin terror qurbanı ola biləcəyimizi cəmiyyətə çatdırmaqdır”.
Aksiyaya “Facebook” sosial şəbəkəsi vasitəsilə mindən çox istifadəçi dəvət olunub.
2009-cu il aprelin 30-da Gürcüstan vətəndaşı Fərda Qədirov Azərbaycan Dövlət Neft Akademiyasının paytaxtın Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən korpusuna silahlı basqın edərək 12 nəfəri qətlə yetirib, 15 nəfəri yaralayıb, daha sonra özünü öldürüb. Azərbaycanda bu cinayətə görə dörd nəfər məhkum olunub - Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Nəcəf Süleymanov. Bu şəxslər terroru Fərda Qədirovla birgə Gürcüstan vətəndaşı, Marneuli rayonunun Şulaver kəndində yaşayan Mardun Qumaşyanın sifarişi ilə hazırlamaqda təqsirli biliniblər. Avqustun 10-da Ağır Cinayətlər Məhkəməsi Cavidan Amirov, Nəcəf Süleymanov və Nadir Əliyevə ömürlük, Ariz Qabulova isə 11 il azadlıqdan məhrum etmə cəzası təyin edib.
Mardun Qumaşyan hazırda Marneuli rayonunun Şulaver kəndində yaşayır. Azərbaycan onu İnterpol xətti ilə beynəlxalq axtarışa verib.
Modern.az