“Bizim əsas hədəflərimiz insan haqları və sülh quruculuğu, Qarabağ münaqişəsinin həlli, vətəndaş cəmiyyətinin müdafiəsidir”.
Bunu Modern.az-a Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin rəhbəri, hüquq müdafiəçisi Arzu Abdullayeva bildirib.
Hüquq müdafiəçisi deyib ki, fəaliyyətdə olan Qarabağ Şurasını təxminən 25 nəfərdən ibarət olan ekspert qrupu ilə təmsil edir:
“Onlar Qarabağ münaqişəsinin həlli yollarını axtarmaq üçün Azərbaycanda məşhur olan politoloqlar, jurnalistlər, məcburi köçkünlər, hüquq müdafiəçilərilə birgə fəaliyyət göstərir. Bu çərçivədə bizim bir neçə görüşlərimiz baş tutub. Hazırda Alan adalarını öyrənmək istiqamətində iş gedir, onun təcrübəsinin münaqişənin həllində nə qədər məqbul olması araşdırılır. Orada bir neçə dəfə görüşlər təşkil olunub. Növbəti dəfə də Alan adalarında görüş planlaşdırırıq.
Bundan başqa, Şimali İrlandiya münaqişəsində qadınların rolu məsələlərini incələyirik. Regional çərçivədə azərbaycanlılar, gürcülər, ermənilər və beynəlxalq aləmdən region üzrə ekspertlərin iştirakı ilə görüş noyabrda keçirilib. Hazırda növbəti görüşə hazırlaşırıq. Eyni zamanda, Beynəlxalq Aqora adında yeni bir qurum yaradırıq. Qurumda ekspertlər və alimlər birgə fəaliyyət göstərəcəklər”.
A.Abdullayeva qeyd edib ki, hazırda fəaliyyətlərində bir sıra problemlər yaranıb:
“Biz yalnız sülh quruculuğu ilə məşğul deyilik. Biz həm də insan haqları, vətəndaş cəmiyyətinin fəaliyyəti, azərbaycanlıların mədəni və elm səviyyəsinin, demokratiya quruculuğunun inkişafına çalışırıq. Bir neçə ildir ki, vətəndaş cəmiyyəti ağır dönəmdədir. Ümumiyyətlə hazırda “Nağdsız hesablaşmalar” haqqında qanunun tətbiqi bizə çox böyük çətinliklər yaradır.
Bakıda öz vəsaitimiz hesabına nəyisə edə bilsək də, bölgələrdə çox böyük çətinliklərlə qarşılaşırıq. Hansısa rayonda tədbir keçirmək üçün mütləq Prezident Administrasiyasından icazə alınmalıdır. Nağdsız hesablaşmalarla bağlı ödəmələr bölgələrdə mümkün deyil. Bu həm də şəxsi problemlərə gətirib çıxarır. Əsas çətinliklərimizdən biri də fəal insnaların həbsdə olmasıdır”.
Gülşən RAUFQIZI