GRBS Beynəlxalq Tədris Mərkəzində (BTM) Sertifikatlaşdırılmış Milli Peşəkar Mühasib Kvalifikasiyasının “Mühasibat Uçotu üzrə Milli Sertifikat” imtahanlarını uğurla verən mühasiblərin milli sertifikatlarla təltif olunma mərasimi keçirilib.
Modern.az-ın məlumatına görə tədbirdə çıxış edən GRBS-in idarəedici partnyoru Bəhram Qurbanov çıxış edərək bildirib ki, sertifikatlaşdırılan milli peşəkar mühasib kvalifikasiyası mühasib və auditorlar üçün beynəlxalq səviyyədə tanınan və Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiqlənən Beynəlxalq və Milli Mühasibat Uçotu Standartlarına və müvafiq qanunvericiliyə əsaslanan milli peşəkar kvalifikasiyadı. İşəgötürənlər və mühasiblər tərəfindən böyük maraq və rəğbətlə qarşılanan sertifikatlaşdırılmış milli peşəkar mühasib kvalifikasiyası mühasib və auditorlar üçün beynəlxalq səviyyədə tanınır və Maliyyə Nazirliyi tərəfindən təsdiqlənən beynəlxalq və Milli Mühasibat Uçotu Standartlarına və müvafiq qanunvericiliyə əsaslanır.
Kvalifikasiya Azərbaycan Respublikası Auditorlar Palatası ilə əməkdaşlıq çərçivəsində GRBS Beynəlxalq Tədris Mərkəzi tərəfindən təqdim edilən milli peşəkar kvalifikasiyadır.
Beynəlxalq Mühasiblər Assosiasiyasının (İFAC) üzvü olan Auditorlar Palatası ilə Sertifikatlaşdırılan İmtiyazlı Mühasiblər Assosiasiyasının (ACCA) Azərbaycanda eksklüziv akkreditə olunan tədris partnyoru GRBS arasında imzalanan əməkdaşlıq sazişinə əsasən, kursların sonunda sertifikatlaşdırıcı imtahan təşkil edilib. İmtahanda uğur qazanan namizədlərə Milli Sertifikat və Diplomlar təqdim edilib. Sertifikatlarla təltif edilənlər arasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Lukoil”, “Nobel Oil”, “Salyan Neft”, “Qobustan Neft”, BASF Kaspian, Bakı Banklararası Valyuta Birjası, Xəzər Beynəlxalq İnvestisiya Şirkəti, Unibank və digər şirkətləri təmsil edən mühasiblər var. Mühasibat Uçotu üzrə Milli Sertifikatla 24 nəfər, təlimdə iştrak etmələrinə görə 30 nəfər sertifikatla təltif olunub.
Mail Ağaxanov