Modern.az

ADU-da Tələbə Elmi Cəmiyyətinin illik konfransı keçirilir

ADU-da Tələbə Elmi Cəmiyyətinin illik konfransı keçirilir

28 Aprel 2011, 12:35

Azərbaycan Dillər Universitetində (ADU) Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş Tələbə Elmi Cəmiyyətinin (TEC) ənənəvi illik konfransı keçirilir.
Modern.az-ın məlumatına görə, tədbir Azərbaycanın dövlət himninin səslənməsilə açılıb. Sonra universitetin rektoru, millət vəkili  Səməd Seyidov rəhbərlik etdiyi ali təhsil ocağının hərtərəfli inkişafından danışaraq bu işdə tələbələrin böyük rolunun olduğunu vurğulayıb.
Rektor tədris prosesi ilə elmin bir-biriylə qarşılıqlı vəhdəti nəticəsində nəzərəçarpacaq uğurların yarandığını deyib. ADU-da yaradılan əlverişli mühit nəticəsində tələbələrin yüksək elmi vərdişlərə yiyələndiyini qeyd edən rektor tələbələrin inkişaf etməsi ilə ətraf mühitə təsir göstərdiklərini söyləyib. Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) keçirdiyi görüşdə gənclərin elmi mühitə gətirilməsi ilə bağlı çıxışına toxunan S. Seyidov Prezidentin bu məsələ ilə əlaqədar dəyərli tövsiyələr səsləndirdiyini qeyd edib. O, elmin inkişafı üçün səylərin artırılmasının vacibliyini dilə gətirib: “Elm heç bir zaman qocalmır, hər zaman mübarizdir. Bu aləmə addım atandan sonra heç kim elmdən əl çəkmək istəmir. Elm insanın daxili aləmini gözəlləşdirir. ADU-da elmli tələbələri görürüksə, savadlı və işıqlı gələcəyi olan gəncliyi görürük”.
ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov konfransın gedişatı və strukturu haqqında məlumat verib. Onun bildirdiyinə görə, 22 bölmədən ibarət konfransda 640 məruzə səslənəcək. Aprelin 29-da konfrans öz işini bölmələrlə davam etdirəcək. Yekun iclas isə aprelin 30-da olacaq.

Sonra tələbələrin çıxışları dinlənilib. 1 saylı İngilis dili fakültəsinin IV kurs tələbəsi Fatma Qurbanzadə “İngilis dilində atalar sözləri və zərb - məsəllərin struktur-semantik təhlili”, həmin fakültənin II kurs tələbəsi Aygün Qurbanova  “Riyakar erməni uydurmalarının kökləri”, Alman dili fakültəsinin magitrları Elnarə Abdullayeva və Aygün Əmrahova müvafiq olaraq “Aşağı səviyyəli semiotik sistemlər (Arıların ünsiyyəti)” və “Alman və Azərbaycan nağıllarında ögey ana problemi” mövzularında çıxışlar ediblər.

Konfrans bölmə iclasları ilə öz işini davam etdirir.

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?