Modern.az

Çinin “Hainan Airlines” şirkəti Dağlıq Qarabağ haqqında yanlış məqaləyə görə üzrxahlıq edib

Çinin “Hainan Airlines” şirkəti Dağlıq Qarabağ haqqında yanlış məqaləyə görə üzrxahlıq edib

Aktual

23 May 2017, 17:08

Çinin “Hainan Airlines” aviasiya şirkəti sərnişinlər üçün nəzərdə tutulan “High Above” jurnalında Azərbaycanın Dağlıq Qarabağ bölgəsi haqqında yanlış məlumatların əks olunduğu məqaləyə görə üzrxahlıq edib.

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, şirkətin təyyarələrində və aeroportlarda sərnişinlərin dincəldiyi yerlərdə yayılmaq üçün nəzərdə tutulan jurnalda Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsi haqqında qərəzli və yalan məlumatların əks olunduğu məqalə dərc olunub. Bu barədə fakt aşkarlandıqdan sora Azərbaycanın Pekindəki səfirliyi və “Azərbaycan Hava Yolları” QSC məsələ ilə bağlı müvafiq olaraq Çinin Xarici İşlər Nazirliyinə və “Hainan Airlines” aviasiya şirkətinə etirazını bildirib və sözügedən jurnalın nüsxələrinin yığışdırılmasını tələb ediblər.

“Hainan Airlines” şirkətinin tərkibində fəaliyyət göstərən “High Above” jurnalının rəhbərliyi Azərbaycanın Çindəki səfirliyinə məktubla cavab verərək həmin məqalədə Azərbaycanı narahat edən məqamlara görə üzrxahlığını bildirib. Məktubda qeyd olunub ki, müəllif məqaləni yazarkən lazımi araşdırma aparmayıb, buna görə də yazıda yanlış məlumatlar əks olunub. Bundan başqa, müəllifin mövqeyi heç bir halda “Hainan Airlines” şirkətinin və “High Above” jurnalının mövqeyini əks etdirmir.

Redaksiya rəhbərliyi jurnalın bütün çap və elektron nüsxələrinin yığışdırıldığını, analoji hadisələrin gələcəkdə təkrarlanmaması üçün diqqətli davranacaqlarını bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR