Modern.az

Oqtay Əsədov: "...Bu dənizi ayrı-ayrı hissələrə bölsək, yerdə nə qalar?"

Oqtay Əsədov: "...Bu dənizi ayrı-ayrı hissələrə bölsək, yerdə nə qalar?"

28 Aprel 2011, 16:31


Astanadakı “Sülh və Həmrəylik” sarayında tükdilli ölkələrin müstəqilliklərinin 20 illiyinə həsr edilmiş TürkPA-nın ikinci plenar iclası aprelin 28-də başa çatıb.
“Türk dünyası nəhəng bir dənizi xatırladır. Amma dənizi ayrı-ayrı hissələrə bölsək, yerdə nə qalar? Bizim gücümüz birliyinmizdədir”-deyə Astanada keçirilən Türkdilii xalqların Parlament Assambleyasının II plenar iclasında Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov bildirib.

TurkPA-ya bu gündən etibarən sədirlik edən Qazaxıstan tərəfi Assambleya üzvlərini “Türkdilli ölkələrin müstəqilliyi: inkişaf və yeni nailiyyətlər” sərgisi ilə tanış edib. Sərgidə Azərbaycan həqiqətlərini əks etdirən fotolar və kitablar da nümayiş edilib. Daha sonra II Plenar iclas öz işinə başlayıb. İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin sədrləri Oqtay Əsədov, Mehmet Əli Şahin, Ural Muxamedcanov və Axmatbek Keldibekovun və TürkPA-nın baş katibi Ramil Həsənovun rəhbərliyi ilə nümayəndə heyətləri iştirak ediblər.
 
Qazaxıstan parlamenti Məclisinin sədri Ural Muxamedcanov prezidenti Nursultan Nazarbayevin iclas iştirakçılarına məktubunu oxuyub. O 20 il müstəqillik illəri ərzində Qazaxıstanın qazandığı uğurlardan, siyasi arenadakı yerindən və nailiyyətlərindən danışıb.

Milli Məclisinin sədri Oqtay Əsədov isə öz növbəsində Azərbaycanın sosial-iqtisadi inkişafı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Spiker Azərbaycanının TURKPA-ya sədirlik etdiyi dövrdəki  fəaliyyəti haqqında danışıb.

Milli Məclisin sədri BMT-nin Baş Məclisi, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti, İKT-nın Parlament Məclisi və digər nüfuzlu beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyinin müdafiə edən sənədlər qəbul etdiyini,  problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının zəruriliyini bildirib.  

Türkiyə Böyük Mİllət Məclisinin sədri Məhmət Əli Şahin öz çıxışında TurkPA-ya qəbulk olunmayan türkdilli ölkələrin də bu parlamentə üzv olacaqlarına ümid etdiyini bildirib. O eyni zamanda Azərbaycanın TürkPA-ya sədirlik etdiyi müddətdə gördüyü işləri məqsədəuyğun asayıb.

Qırğızıstan Parlamentinin sədri isə Qazaxıstana üzərinə götürdüyü yeni işdə uğurlar arzulayıb.

TurkPA-nın baş katibi Ramil Həsənov yarandığı ilk gündən TürkPA-nın gördüyü işlər, qazandığı nailiyyətlər və nəticələr barədə bir daha hesabat verib. O eyni zamanda, emblem və bayrağının  təsvirinin ilk oxunuşda  qəbul olunduğunu bildirib. 

Azərbaycandan olan millət vəkili Ülvi Quliyev TürkPA-nın reqlamentinə əlavə və dəyişikliklərlə bağlı struktur və fəaliyyətin tənzimlənməsi nəticəsində daha təkmilləşdiriləcəyinə ümid etdiyini bildirib.

TürkPA-nın tərkibində 4 komissiya yaradılıb, sədrləri seçilib, Azərbaycan Parlamentinin üzvü Əhliman Əmiraslanov Beynəlxalq Əlaqələr Komissiyasının sədri təyin edilib.

Tədbirin sonunda xatirə şəkli çəkilib, jurnalistlər üçün mətbuat konfransı keçirilib.





Ləman Ağayeva
Astana

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?