Modern.az

"Bakcell"ə yeni rəhbər təyin olunub

"Bakcell"ə yeni rəhbər təyin olunub

28 Aprel 2011, 18:13

Azərbaycanın ilk mobil rabitə operatoru olan «Bakcell» şirkətinə yeni rəhbər təyin olunub. Şirkətdən Modern.az-a verilən məlumata görə, yeni baş icraçı direktor Riçard Şirerdir.

Riçard Şirer dünyanın bir sıra rəqabətli bazarlarında aparıcı telekommunikasiya şirkətlərinin fəaliyyətlərinin idarə edilməsində böyük təcrübəyə malikdir. O, əsasən simsiz rabitə xidməti sahəsində telekommunikasiya xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşıb. Cənab Şirer əvvəllər Malayziyada DiGi Telecom şirkətinin, eləcə də Bolqarıstanda Empower Interactive Group Ltd və BTC Mobile EOOD (Vivatel) şirkətinin baş icraçı direktoru vəzifələrində çalışıb. O, həmçinin Böyük Britanıyanın T-Mobile şirkətində kommersiya direktoru vəzifəsini icra edib və Mərkəzi və Şərqi Avropanın ən böyük telekommunikasiya şirkəti sayılan Telkomunikacja Polska SA-da İdarə Heyətinin üzvü olub.

Öz yeni təyinatına münasibət bildirən R.Şirer bunları qeyd edib: “Azərbaycanın telekommunikasiya xidmətləri bazarında aparıcı mövqedə duran Bakcell şirkətinə gəlişim mənim üçün böyük şərəfdir. Mənim əsas vəzifələrimdən biri şirkətin bu günə qədər qazandığı uğurlara söykənərək abunəçi bazamızı genişləndirmək olacaq. “Bakcell” öz müştərilərini daha yaxşı xidmətlər və daha sərfəli qiymətlərlə sevindirməkdə davam edəcək. Bakcell-in yüksək keyfiyyətli şəbəkəsi Azərbaycanın bugünkü mobil rabitə istifadəçilərinin ehtiyaclarını ödəmək üçün daha innovativ məhsul və xidmətləri ortaya çıxarmasının möhkəm təməlini təşkil edir. Mən şirkətdə fəaliyyətə başlamaqdan və biznes tərəfdaşlarımız ilə birgə çalışmaqdan çox məmnunam“.

“Bakcell” şirkəti 1994-cü ildə təsis edilib və Azərbaycanda mobil rabitə xidmətlərini göstərən ilk şirkətdir. Şəbəkənin inkişafına yönəldilmiş iri miqyaslı investisiyalar sayəsində hazırda “Bakcell” əhalinin 95%-ni və ölkə ərazisinin 82%-ni əhatə edir. Şirkətin abunəçilərin sayı 2.5 milyona çatıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?