Modern.az

Elmira Axundova 64 yaşını səfərdə qeyd edir

Elmira Axundova 64 yaşını səfərdə qeyd edir

Aktual

26 May 2017, 11:17

Bu gün tanınmış publisist, deputat Elmira Axundovanın 64 yaşı tamam olur.

Modern.az-ın məlumatına görə, Elmira Axundova  1953-cü il mayın 26-da Moskva vilayətinin Ramensk rayonunda anadan olub. Bakı xoreoqrafiya məktəbi yanında ümumtəhsil məktəbini bitirdikdən sonra şəhər 3 saylı texniki məktəbində stenoqrafiya ixtisasına yiyələnib. 1976-cı ildə ADU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. İlk bədii tərcüməsini - Hüseyn İbrahimovun "Nəcibənin ürəyi" hekayəsini 1978-ci ildə, ilk elmi məqaləsini isə 1979-cu ildə "Literaturnıy Azerbaydjan" jurnalında çap etdirib.

Əmək fəaliyyətinə stenoqrafçı kimi başlayıb.  Daha sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor (1977-1980) olub. Azərbaycan Yazıçılar İttifaqında referent, məsləhətçi işləyib (1980-1988). Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində böyük elmi işçi olub (1988-1991).

"Literaturnaya qazeta"nın (1990-1998), "Azadlıq" radiostansiyasının (Münhen) Azərbaycan üzrə müxbiri (1993-2000), "Türk dünyası" jurnalının publisistika şöbəsinin müdiri vəzifələrində çalışıb. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (informasiya məsələləri üzrə katib) seçilib (1991).

2005, 2010, 2015-ci illərdə 71 saylı Masallı kənd seçki dairəsindən Milli Məclisdə deputat seçilib. Hazırda Bakı Slavyan Universitetinin tərcümə nəzəriyyəsi və təcrübəsi kafedrasının dosentidir (2002-ci ildən).

Modern.az saytı Elmira Axundovadan ad günü təəsüratlarını öyrənmək üçün onunla əlaqə saxlayıb. Lakin hazırda Ukraynada səfərdə olan deputatın danışmaq imkanı olmayıb.

Günay RƏSULQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı