Modern.az

Əli Kərimli ad günündə polisə ifadə verib

Əli Kərimli ad günündə polisə ifadə verib

28 Aprel 2011, 21:48

AXCP sədri Əli Kərimli bu gün Bakı Şəhər Baş Polis İdarəsində 2 aprel mitinqi  ilə bağlı yaradılmış istintaqa şahid qismində ikinci dəfə ifadə verib. Saat 15.00-da başlayan dindirmə 20.00-da başa çatıb.  
AXCP üzvləri və jurnalistlər isə İdarənin qarşısında Əli Kərimlinin çıxmasını gözləyiblər.

Əli Kərimlinin "Azadlıq" radiosuna dediyinə görə, ona 2 aprel aksiyası və İctimai Palatanın fəaliyyəti ilə bağlı çoxsaylı suallar verilib.

«2 aprel mitinqindən sonra əsassız bir cinayət işi başlanılıb. Hakimiyyətə yaxın qrupların özünün təşkil etdiyi vitrin sındırma əməliyyatını bəhanə edib bir cinayət işi başlayıblar. İndiyə qədər 100-ə yaxın müxalifətçi, o cümlədən müxalifət liderləri istintaqa cəlb olunub. Mənə əsasən 2 aprel mitinqinin təşkili, mitinqlə bağlı çağırışlar, İctimai Palatanın fəaliyyəti, idarə olunması ilə bağlı bir çox məsələlərlə bağlı suallar verdilər və mən də cavab verdim».

Əli Kərimlinin sözlərinə görə, sorğu-sual zamanı onunla normal davranılıb.

«Prinsip etibarı ilə mənə münasibətdən hələki şikayətim yoxdur. Amma bütövlükdə hesab edirəm ki, istintaqın fəaliyyəti qeyri-qanunidir.Cinayət hadisəsi bizim tərəfimizdən törədilməyib. Biz dinc aksiya keçirdiyimiz halda indi bizə qarşı cinayət işi açılır və s. Vitrinlərin sındırılmasının bizə dəxli olmadığı halda bundan istifadə edilib müxalifətə təzyiq edirlər».

Əli Kərimli bu iş üzrə hüquq mühafizə orqanlarının fəaliyyətini siyasiləşmiş fəaliyyət adlandırır.

«Bu hüquq işindən çox siyasi bir işdir. Müxalifətə və İctimai Palataya mane olmaq məqsədi daşıyır. Ona görə bunu siyasiləşmiş bir iş kimi qiymətləndirirəm»

Müsavat başqanı İsa Qəmbər də eyni cinayət işi ilə bağlı aprelin 29-də Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

İctimai Palatanın 2 aprel mitinqi ilə bağlı hazırda 14 nəfər həbsdədir. Həmin şəxslərin barəsində 2 aylıq həbs qərarı verilib. Bir nəfər, AXCP sədrinin müavini Fuad Qəhramanı isə polis nəzarətində olmaqla azadlıqdadır.

Əli Kərimli 2 aprel mitinqinin istintaqı ilə bağlı şahid kimi ifadə vermək üçün birinci dəfə aprelin 16-də BŞBPİ-də olub, 8 saata yaxın sorğu-sual edilib.

Qeyd edək ki, bu gün Əli Kərimlinin ad günüdür. AXCP sədrinin 46 yaşı tamam olub.

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?