Modern.az

Azərbaycandakı atların sayı açıqlandı

Azərbaycandakı atların sayı açıqlandı

Aktual

26 May 2017, 12:10

Atçılıq heyvandarlığın qədim sahələrindən biri olmaqla cəmiyyətin mühüm ehtiyaclarını ödəmək məqsədilə əsrlər boyu yetişdirilib.

 

Canlı hərəkət vasitəsi kimi atdan istifadə olunması, istehsal qüvvələrinin inkişafı ilə əlaqədar olaraq xeyli dəyişdirib. Sürətli yerişə, qüvvə və davamlılığa, gözəlliyə malik olduğu və eləcə də fermer təsərrüfatının ayrı-ayrı sahələrində kənd təsərrüfatı işlərinin görülməsində böyük rol oynadığı üçün, müasir maşın və texnikadan istifadə ilə yanaşı atçılıq əvəzedilməz bir qüvvədir. Azərbaycan Respublikasında hazırda milli at cinsindən olan Qarabağ, Dilbaz, Quba, Şirvan və digər yerli atlar yetişdirilir.

 

Azərbaycanda vaxtilə Ağdamda, Şəkidə, Ağstafada atçılıq zavodlarının çox məhsuldar fəaliyyət dövrləri olmuşdur. Əsasən, aqrar islahatlar aparıldıqdan sonra bu gün ölkədə atların sayı artaraq 71,6 min başa çatıb.

Qeyd olunur ki, hazırda dünya üzrə 260 cins atın ikisi Azərbaycana məxsusdur. Bunlar "Dilbaz" və "Qarabağ" atlarıdır. Qarabağ atı dünyada ən qədim mədəni at cinslərindən biri olmaqla Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ bölgəsində formalaşmışdır. Əsas mənbəyini eramızdan əvvəl mövcud olmuş “Nesey “atlarından götürülüb.

Qarabağ atçılığının “qızıl dövrü” XVIII - XIX əsrlər hesab edilir. Cinsin daha tipik nümunələri Qarabağ xanları Pənahəli xanın, Mehdiqulu xanın, İbrahim xanın, Cəfərqulu-Cavanşir xanın, Xan qızı Xurşud Banu Natəvanın zavodlarında yetişdirilib. Cinsin  Xan, Toxmaq, Məmun, Əlyetməz kimi qədim tipləri olub.

Bir çox beynəlxalq sərgilərdə Qarabağ atları uğurlatəmsil olunublar.  Buna Xan qızı Natəvana məxsus Əlyetməz adlı ayğırın 1867-ci ildə Ümumrusiya at sərgisində, həmin ildə Parisdə keçirilən sərgidə Xan ləqəbli Qarabağ atının  yüksək mükafatlar almasını misal göstərmək olar.

Bir çox tarixi faktlar göstərir ki, eramızdan əvvəl V minilliyin sonu, IV minilliyin ikinci yarısına aid indiki Cəlilabad rayonunun ərazisində eneolit dövrünün son mərhələlərinə aid Əliköməktəpə abidəsində tapılan heyvan sümüklərinin 7,5%-ni at sümükləri təşkil edib. Bununla belə, həmin abidədə tapılmş at sümüklərinin xeyli hissəsinin əhliləşdirilmiş atlara məxsus olması, daha maraqlısı isə, bu mərhələdə azı iki at tipinin olması müəyyən edilib.

Dünyada ən geniş yayılmış Ərəb atlarının və Təmizqanlı İngilis minik atlarının cins kimi formalaşmasında Azərbaycan atlarından istifadə edilib. Ən qədim dövrlərdən Azərbaycandan İrana, Ərəb ölkələrinə, Rusiyaya və Avropaya çoxlu sayda atlar aparılmışdır. 1980-ci illərdə Moskva auksionu vasitəsilə Qarabağ atlarının bir çox xarici dövlətlərə, o cümlədən Almaniyaya, Hollandiyaya, İsveçrəyə, İtaliyaya, Fransaya və digər ölkələrə satılması cinsin yayılmasında mühüm rol oynayıb.

1956-cı ildə  İngiltərə kraliçası II Yelizavetaya Ağdam at zavodunda yetişdirilən “Zaman” ləqəbli Qarabağ atının hədiyyə edilməsi mühüm tarixi hadisə kimi dəyərləndirilə bilər.

Atçılıq üzrə qanunvericilik aktları 27 fevral 2007-ci il tarixdə “Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 oktyabr 2007-ci il tarixli 160 nömrəli qərarı ilə “Atçılığın inkişafı üzrə Proqram” təsdiq edilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2015-ci il tarixli 111 nömrəli qərarı ilə Qarabağ atlarının yetişdirildiyi “Ağdam atçılıq təsərrüfatı” MMC və Dilbaz atlarının yetişdirildiyi “Dilbaz” atçılıq təsərrüfatı” MMC Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyinə verilib. İnstitutun inşası başa çatdıqdan sonra atçılıq üzrə geniş elmi-tədqiqat işlərinn aparılması planlaşdırılır.

 

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Qarabağ və Dilbaz at cinslərinin inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlərin icrasına başlanılmış, Ağdam atçılıq kompleksinin inşası başa çatmaq üzrədir.

 

Kənd Təsərrüfatı Nazirliyindən Modern.az-a verilən məlumata görə, “Ağdam atçılıq təsərrüfatı” MMC-də hazırda 200 başdan çox, o cümlədən 50 baş törədici madyan və 5 baş törədici ayğır saxlanılır. 

 

Atçılıq sahəsində beynəlxalq əməkdaşlıq. 2013-cü ilin dekabrında YUNESKO-nun Bakıda keçirilən Baş Assambleyasında  Azərbaycanın qədim atüstü milli oyunu   “Çövkən”  Qarabağ atı ilə birgə vahid element kimi YUNESKO-nun “Təcili Qorunmağa Ehtiyac Duyulan Qeyri-Maddi Mədəni İrs Siyahısı”na daxil edilib.

 

Almaniyanın bir çox atçılıq klubları ilə (xanım Verena Skolian və s.) işgüzar əlaqələr var.

Heydər Əliyev fondunun dəstəyi ilə Almaniya şirkəti “Sarılar-Qarabağ atının izi ilə” filmini çəkib.

İngilis kraliçasının hakimiyyətə gəlişinin 60-cı ildönümü ilə əlaqədar  atçılarımız İngiltərədə şou-çıxış edib. Fransız yazıçısı və atçı mütəxəssisi Jan-lui Gouro ilə birgə Qarabağ atı haqqında kitab yazılıb nəşr edilib.

 

Beynəlxalq əlaqələrin genişləndirilməsi və Respublikadan xaricdə yetişdirilən Qarabağ cinsli atların da indentifikasiyasını və qeydiyyatını aparmaq üçün atçılıq haqqında qanunvericilikdə təkmilləşmə aparmaq zərurəti yaranıb (“Atçılıq haqqında” Azərbaycan Respublikası Qanunu, maddə 8.).

 

İdman atçılığı ilə məşğul olan əksər dünya ölkələri ilə  (ilk növbədə region ölkələri-Gürcüstan, İran, Rusiya, Ukrayna, eləcə də Avropa ölkələri-Almaniya, Polşa, İsveçrə, İtaliya, Fransa,və s.) əməkdaşlıq uğurla davam edir. Bakıda hər il yüksək kateqoriyalı at idmanı yarışları (konkur, polo, dressaj, cıdır yarışları) keçirilir.

 

Poloçularımız 2015-ci ildə Avropa çempionu olmuş,polo komandamız Argentinada təlimlər keçib.  Almaniya və Çexiyada genetik identifikasiya analizləri aparılması üçün əlaqələr yaradılıb.

 

Modern.az

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı