Milli Məclisin Regional məsələlər komitəsinin bu sessiya dövründə müzakirə olunacaq üç məsələsi qalıb.
Bu barədə Modern.az saytına komitənin üzvü Tahir Rzayev bildirib. O, qeyd edib ki, bəzi qanunvericilik aktlarına əlavə və dəyişikiklər, bəzi rayonların inzibati ərazi bölgüsünə qismən dəyişikliklər və “Bələdiyyələrin hesabatları barədə” qanun layihəsi bu sessiya dövründə müzakirə eiləcək sənədlər sırasındadır.
Qeyd edək ki, Milli Məclisin Regional məsələlər komitəsinin ötən payız sessiyasında keçirdiyi 4 iclasında 11 məsələ müzakirəyə çıxarılıb və hazırlanan 9 qanun layihəsi parlamentdə qəbul edilib.
Komitə sədri Arif Rəhimzadə deyib ki, qəbul edilən qanunlar əsasən inzibati ərazi bölgüsü ilə bağlıdır.
Komitənin 2011-ci il yaz sessiyası üçün iş planı təsdiqlənib. Plana əsasən, sessiya müddətində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi təqdim olunacaq.
“Bələdiyyələrin hesabatları haqqında” qanun layihəsi hazırlanacaq. Komitə inzibati ərazi bölgüsündə qismən dəyişiklər edilməsi, həmçinin bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər olunması barədə qanun layihələrinin müzakirəsini aparacaq.
Modern.az