Modern.az

Gənclər və İdman Nazirliyində bu gün gənclərin məsələsi müzakirə olunacaq

Gənclər və İdman Nazirliyində bu gün gənclərin məsələsi müzakirə olunacaq

29 Aprel 2011, 11:52

Bu gün saat 15.00-da Gənclər və İdman Nazirliyində Gənclərlə iş üzrə İctimai Şuranın “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması ilə bağlı konkret təklifləri ətrafında müzakirələri aparılacaq. Bu barədə Modern.az saytına nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, proqramın hazırlanması ilə bağlı Prezident İlham Əliyevin 6 aprel 2011-ci il tarixli sərəncamı imzalanıb, dövlət orqanlarının və gənclər təşkilatlarının nümayəndələrindən ibarət işçi qrupu yaradılıb.

Bunula yanaşı gənclərin təkliflərini və onların fikirlərini dinləmək məqsədilə ölkə başçısı aprelin 21-də bir qrup gənci və gənclər təşkilatlarını qəbul edib. Görüşdə gənclərin proqramda görmək istədikləri məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Gənclərlə iş üzrə İctimai Şura 1994-cü ildən Gənclər və İdman Nazirliyinin Kollegiyası nəzdində fəaliyyət göstərir.

Şuranın məqsədi - Azərbaycan Respublikasında fəaliyyət göstərən gənclərin qeyri-hökumət təşkilatlarını dövlət gənclər siyasətinin həyata keçirilməsinə, gənclərlə bağlı qanunların hazırlanmasına və təkmilləşdirilməsinə yaxından cəlb etmək, gəncləri narahat edən problemlərin həllinə nail olmaq, qloballaşan cəmiyyətdə gənclərin yeni inkişaf meyllərini müəyyənləşdirmək, gənclərlə iş sahəsində ictimai rəyi öyrənmək və qiymətləndirmək, o cümlədən gənclərin qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin, fondların, hərəkatların, siyasi partiyaların gənclər birliklərinin fəaliyyətlərini əlaqələndirməkdir.

Ötən dövr ərzində Şura iclaslarında Gənclərin Forumlarının keçirilməsi, 2 fevral – Azərbaycan gəncləri gününün qeyd olunması, prezident, Milli Məclis və bələdiyyə seçkilərində gənclərin fəal iştirakı, Azərbaycan Səfəvilər dövlətinin 500 illik və Azərbaycan Xalq Cumhuriyyətinin 80 illik yubileylərinin gənclər təşkilatları tərəfindən qeyd olunması, gənclərin mənəvi-əxlaqi və vətənpərvərlik tərbiyəsi, qondarma «erməni soyqırımı»nın tarixi gerçəklikdən uzaq olması, “Təhsil haqqında” və «Gənclər siyasəti haqqında» Azərbaycan Respublikası Qanunlarının layihələri,  2007-ci ilin gənclər ili elan olunması ilə əlaqədar görüləcək işlər və s. məsələlər müzakirə olunub, dünyada və respublikada baş verən mühüm ictimai-siyasi hadisələrə münasibət bildirilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?