Aprel ayında millət vəkili Fuad Muradov Milli Məclisin qəbul otağında 15 nəfər seçicisini qəbul edərək, onları narahat edən məsələləri və problemləri dinləyib. Bu görüşədək millət vəkili 15 dekabr 2010-cu il, 18 yanvar 2011-ci il və 03 mart 2011-ci il tarixlərində də öz seçicilərini qəbul etmişdi.
Deputatın qərargahından verilən məlumata görə, bu qəbulda da seçicilər özlərinin müxtəlif problemləri, şikayətləri ilə müraciət ediblər. Bunlar arasında qanunsuz qeydiyyatdan çıxarma, məhkəmə instansiyalarında işlə bağlı fərqli qərarların qəbulu, işsizlik, mənzil məsələsi, imkansızlıq, oğlunun qanunsuz işdən çıxarılması, kommunal problemlər, vətəndaşın mənzilinin kredit borcu nəticəsində bankın balansına keçməsi, pasport qeydiyyatı, işə bərpa, keçmiş Çənbərəkənd adının bərpası, şəxsi və digər məsələlər yer alıb.
Deputat seçicilərə bildirib ki, bütün məsələlər diqqət mərkəzində saxlanılacaq və ən qısa müddət ərzində həllini tapacaq.
Seçicilər qəbul edilib dinlənildikdən sonra onların ərizələri götürülüb, aidiyyatı orqanlara ünvanlanması üçün millət vəkili öz göstərişlərini verib. Bəzi vətəndaşların problemlərini yerində həll olunması üçün müəyyən tədbirlər görülüb.
Modern.az