Rusiyanın Hərbi Proqnozlaşdırmalar Mərkəzinin siyasi və hərbi analiz bölməsinin rəhbəri, polkovnik Anatoli Sıqanok Ermənistanda olan 102-ci rus hərbi bazasına texnikanın və sursatın Azərbaycan vasitəsi ilə göndərilməsi ilə bağlı ağlasığmaz təklif irəli sürüb.
Modern.az “Nezavisimaya Qazeta” qəzetinə istinadən bildirir ki, Sıqanok bu təklifi Gürcüstanın Rusiya ilə 2006-cı ildə imzalanmış sazişinin vaxtını uzatmaqdan imtina etməsi ilə bağlı durumu şərh edərkən deib. Onun sözlərinə görə, vəziyyəti aradan qaldırmaq üçün ortada bir neçə variant var. Onlardan biri də Azərbaycandır.
Mərkəz rəhbəri bunun üçün bir neçə variant təklif edib. O bildirib ki, Azərbaycanın hava məkanından istifadə etməklə hərbi texnika və yardımı Ermənistandakı rus hərbi bazasına çatdırmaq olar.
“Bu zaman Rusiya Azərbaycana ciddi güzəştlərə getməlidir. Bura həm siyasi, hərbi texniki və iqtisadi sahədə olan güzəştlərdən söhbət gedir”-deyə ekspret dolayısı ilə Dağlıq Qarabağ münaqişəsində Moskvanın mövqeyinə işarə edib.
Gürcüstanı tənqid edən Sıqanok bildirib ki, Tiflis özünü bu gün regional lider kimi aparmağa çalışır. “Amma gürcülər yanılırlar. Bu gün regionda lider Bakıdır. Bu baxımdan onu Ankara dəstəkləyir. Əminliklə demək olar ki, Bakı və Ankara bütün səylərini Gürcüstanın regionada lider olmamasına çalışırlar”-deyə o qeyd edib.